Sahibə Qafarova: "AŞPA-nın yaz sessiyasının yekunlarını Azərbaycan üçün uğurlu saymaq olar"

Sahibə Qafarova: "AŞPA-nın yaz sessiyasının yekunlarını Azərbaycan üçün uğurlu saymaq olar"

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının yekunlarını Azərbaycan üçün uğurlu saymaq olar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova səsləndirib. Onun sözlərinə görə, sessiya çərçivəsində nümayəndə heyətimiz kifayət qədər aktiv iştirak edərək müzakirə olunan məsələlərdə ölkəmizin mövqeyini avropalı parlamentarilərin diqqətinə çatıdırıblar. Eyni zamanda, sessiyada Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən, insan hüquqlarının müdafiəsi, gender məsələləri ilə bağlı Azərbaycan hökumətinin atdığı addımlar, ölkəmizdə mövcud olan real vəziyyətlə bağlı geniş məlumat verilib: "Amma şübhəsiz ki, bizim üçün ən mühüm məsələlərdən biri ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin sessiya çərçivəsində daim gündəmə gəlməsi, bu istiqamətdə geniş müzakirələrin aparılması, Azərbaycanın ədalətli mövqeyinin növbəti dəfə beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi idi. Bilirsiniz ki, Qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsi yenidən fəaliyyətə başladı. Bu təşəbbüs Azərbaycan nümayəndə heyəti tərəfindən dəstəklənsə də, ermənilər buna qarşı çıxdılar. Bu faktın özü belə, Ermənistan dövlətinin danışıqlara nə qədər qeyri-konstruktiv yanaşdığını, onların mövqeyinin beynəlxalq hüquqi sənədlərlə ziddiyyət təşkil etdiyini bir daha sübuta yetirir. Azərbaycan nümayəndə heyətinin üzvləri də bu məqama diqqət çəkərək Ermənistan dövlətinin üzv olduğu beynəlxalq konvensiyalara və AŞPA qərarlarına hörmətsizlik etdiyini vurğuladılar".

S.Qafarovanın sözlərinə görə, sessiya çərçivəsində keçirilən müzakirələr zamanı digər mövzularda da Azərbaycanın haqlı mövqeyi avropalı parlamentarilərin diqqətinə çatdırılıb və Ermənistan dövlətinin işğal siyasətinin ölkəmiz, eləcə də bütövlükdə region üçün yaratdığı təhlükələrə diqqət yetirilib: "Həmçinin, bu təhlükənin bu gün üçün də sovuşmadığını və real olaraq qaldığını söylədik. 9 yaşlı uşaq Fariz Bədəlovun qətlə yetirilməsi bunun bariz təsdiqidir. Yeri gəlmişkən, Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi həm mənim, həm də digər həmkarlarım tərəfindən gündəmə gətirildi. Qeyd etdik ki, bu, təkcə, həmin uşağın anasını yaralayan, onu incidən bir məsələ deyil. Bu dinindən, dilindən, milliyətindən asılı olmayaraq, hər bir qadının, hər bir ananın problemidir və hesab edirəm ki, biz bu məsələyə həssas yanaşmalıyıq".

Sonda isə Sahibə Qafarova qeyd edib ki, bu sessiyada Azərbaycan nümayəndə heyəti kifayət qədər fəallıq nümayiş etdirib, erməni işğalı ilə bağlı dolğun, həqiqətə əsaslanan faktları diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə