"Azərbaycan Zirvə görüşü ilə liderliyini nümayiş etdirdi" ŞƏRH-ÖZƏL

"Azərbaycan Zirvə görüşü ilə liderliyini nümayiş etdirdi" ŞƏRH-ÖZƏL

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycanın bu təşkilata sədrliyi formal xarakter daşımır. Ölkəmiz “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü ilə liderliyini nümayiş etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, Zirvə görüşü dünyada qlobal pandemiya dövründə ölkələrin əməkdaşlıq və tərəfdaşlığı üçün çox mühüm çağırış idi.

Azərbaycanın pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdığını deyən deputat söyləyib ki, bu vəsait Azərbaycanla razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur: “Azərbaycan bu addımı ilə bütün dünyaya göstərdi ki, dünya ölkələri yalnız əməkdaşlıq, tərəfdaşlıq və beynəlxalq hüquq normalarına riayət etməklə problemin həllinə nail ola bilər”.

A.Mollazadə qeyd edib ki, Azərbaycanın pandemiyaya qarşı mübarizə istiqamətində gördüyü tədbirlər beynəlxalq təşkilatlar, xüsusilə də Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir: “Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı Azərbaycan tərəfindən irəi sürülən ilk təşəbbüs deyil. Bildiniz kimi aprelin 10-da ölkə başçısının təşəbbüsü ilə Türk Şurasının videokonfrans formatında Zirvə görüşü baş tutmuşdu. Həmin görüşdə də Azərbaycanın pandemiya ilə mübarizə istiqamətində əməkdaşlıqla bağlı çağırışı çox müsbət dəyərləndirilmişdi. Bütün bunlar göstərir ki, Azərbaycan öz dəyərləri ilə humanist lider ölkəyə çevrilir və bu istiqamətdə ən əsas rol Prezident İlham Əliyevin üzərinə düşür. Ölkə başçısının təşəbbüsləri beynəlxalq dünya ölkələri tərəfindən müsbət qiymətləndirilir. Dünyanın liderə ehtiyacı olduğu bir dövrdə Prezident İlham Əliyevin bu cür təşəbbüslər irəli sürməsi, mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə