"Dünyanı cənginə alan pandemiya şəraitində sayca ikinci beynəlxalq səviyyəli tədbirin şahidi olduq. Aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündən sonra mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü baş tutdu. Qeyd etmək yerinə düşər ki, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilatdır". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.
Onun sözlərinə görə, hər iki tədbirin təşəbbüskarı və keçirilməsində əsas rol Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur: "Bu, heç də sıradan bir məsələ kimi qəbul olunmamalıdır. Pandemiyanın yaratdığı durum göz önündədir. Dövlətlər bir-birindən təcrid olunmuş vəziyyətə düşüb, bütün sferalarda əlaqələr zəifləyib və s. Qlobal əməkdaşlığa güclü ehtiyac yaransa da, pandemiya dövründə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional qurumlar yaranmış reallıqlara adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməyiblər.
Belə bir durumda məhz İlham Əliyevin təşəbbüsləri dövlətlər və xalqlar arasında kommunikasiyanın qurulmasında, körpünün yaradılmasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüslərinə verilən müsbət reaksiyalar, tədbirlərin yüksək səviyyədə baş tutması isə dövlətimizə, onun prezidentinə olan inamın nümunəsidir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin hər iki Zirvə Görüşünün keçirilməsi ilə bağlı təşəbbüsləri üzv dövlətlər tərəfindən yekdilliklə dəstək qazanıb. Sonuncu tədbirdə - Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələrin təmsil olunması da bunun bir daha əyani göstəricisidir.
Bu quruma üzvlükdən qısa müddət sonra Azərbaycan Hərəkat daxilində böyük nüfuz qazanıb. Qısa haşiyə çıxıb vuğulayaq ki, Qoşulmama Hərəkatı BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və 120 dövləti öz sıralarında birləşdirir. Qoşulmama Hərəkatına üzv olan ölkələrin ərazisində dünya əhalisinin təqribən 55 faizi yaşayır. Bundan başqa, dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Ölkəmizin belə bir Hərəkata 3 il sədrlik etməsinin bir yozumu var: üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsi.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində keçirilən sonuncu Təmas Qrupu formatında Zirvə görüşü bir sıra ilklərə imza atdı. Belə ki, Avropa İttifaqının rəsmisi birinci dəfə idi ki, Zirvə görüşündə iştirak və çıxış etdi. Azərbaycanın həmişə bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olması olduqca önəmli məqamdır.
Təqribən 40-a yaxın ölkənin dövlət və hökumət başçısı, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Zirvə görüşü növbəti dəfə Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın, eyni zamanda ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani ifadəsidir.
Zirvə görüşünə qatılan nüfuzlu şəxslərin çıxışlarında da bu məqam diqqət çəkdi. Təşəbbüskarlığa və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyəti təqdir edildi, ünvanına çoxsaylı təşəkkürlər səsləndi.
Beləliklə, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən alqışlandı.
Qlobal liderliyə ehtiyac duyulan bir dönəmdə Prezident İlham Əliyev
1. “Özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu.
2. Prezident nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
3. Prezident öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verdi.
4. Və ən nəhayət Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatı fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrilməkdədir.
Zirvə görüşündə alınan qərarlar, irəli sürülən təkilflər də nəzərdən yayınmamalıdır. Azərbaycan qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bundan başqa, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdı. Bu vəsait Azərbaycanla razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.
Beləliklə, Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib.
Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması da ölkəmizin uğurlu fəaliyyətinə verilən dəyərdir.
Beləliklə, planetin təqribən üçdə iki hissəsini birləşdirən Qoşulmama Hərəkatının və 160 milyona yaxın sayda əhali kontingentini əhatə edən Türk Şurasının son bir ayda Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir araya gəlməsi qürurvericidir. Bu, Prezident İlham Əliyevin qlobal liderlik missiyası nəticəsində həyata vəsiqə qazana bilib. Həmçinin, Azərbaycanın təşəbbüsü ilə keçirilən zirvə görüşləri ölkəmizin koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verdiyini isbat edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB