"Məmurlar ölkə başçısının xəbərdarlıqlarından nəticə çıxarmalıdırlar" AÇIQLAMA - ÖZƏL

"Məmurlar ölkə başçısının xəbərdarlıqlarından nəticə çıxarmalıdırlar" AÇIQLAMA - ÖZƏL

“Azərbaycan Prezidenti 2 ildən çoxdur ki, ölkə cəmiyyətində korrupsiya və rüşvətxorluğa qarşı müharibənin elan edildiyini açıqlayıb və bu istiqamətdə çox ciddi tədbirlər görülür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə təkcə kiminsə əlində rüşvət tutmaq demək deyil: “Eyni zamanda ölkədə uzun müddətdir aparılan islahatlar da bu mübarizənin tərkib hissəsinə daxildir”.

Deputat söyləyib ki, korrupsiya və rüşvətxorluğu vəzifəli şəxslər, məmurlar yaradır: “Bu baxımdan son illər ölkədə aparılan kadr islahatları nəticəsində daha düzgün əqidəyə sahib, daha geniş dünya görüşünə malik, qanuna ciddi yanaşan şəxslərin vəzifəyə təyin olunması korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin tərkib hissəsidir. Cənab Prezident hər zaman bildirir ki, bu səhvə yol verənlərə güzəşt edilməyəcək, kimsə nəyəsə, kiməsə və ya əvvəlki xidmətlərinə arxayın olmamalıdır”.

E. Məmmədov hesab edir ki, ağlı, əqidəsi yerində olan hər kəs ölkə başçısının xəbərdarlıqlarından nəticə çıxarmalı, nəfsinə sahib çıxmalıdır: “Əgər sən vəzifədəsənsə, o zaman nəfsinə sahib çıxmağı bacarmalı, qayda qanunlara əməl etməli, dövlətin, eləcə də vətəndaşların cibinə girməməli, cinayətkarlıqla məşğul olmamalısan. Bəziləri elə düşünür ki, söylənilən fikirlər təkcə bölgələrdəki icra başçılarına aiddir. Xeyr. Deyilənlər hamıya aiddir. Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda da bu məsələyə toxunaraq nazirliklər, icra orqanlarında bu kimi siqnalların olduğunu və hazırda bu istiqamətdə yoxlamaların aparıldığını bildirdi. Kimlər vəzifə daşıyırsa, onların hər biri hərəkətlərində şəffaf, dürüst olmalı, Prezident İlham Əliyevin xəbərdarlıqlarına riayət etməli, qanunları pozmamalıdırlar. Heç bir cinayət sonda cəzasız qalmır”.

Cənab Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimaiyyətə arxalandığını deyən deputat qeyd edib ki, ölkə başçısı eyni zamanda hüquq mühafizə orqanlarını da bu məsələdə ciddi olmağa səsləyir:“Hesab edirəm ki, vəzifəsindən asılı olmayaraq hər kəs qanuna əməl etməlidir. Əks təqdirdə həmin şəxslər həm özlərini, həm də ailələrini peşman etmiş olacaqlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə