Hacıqabul rayonu ötən üç ayın yekunlarını müzakirə edib - HESABAT

Hacıqabul rayonu ötən üç ayın yekunlarını müzakirə edib - HESABAT

Hacıqabul rayonunda I rübün yekunları müzakirə olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov müşavirədə çıxış edərək bildirib ki, 2011-ci ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 22.6 milyon manat olub, sənaye məhsulunun həcmi bu ilin 3 ayında 847 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,5% çoxdur.
Rayonun kənd təsərrüfatında bu ilin məhsulu üçün 11500 hektar taxıl əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 195 hektar artıqdır. Bu sahələrin 6150 hektarı buğda, 5350 hektarı isə arpa əkini təşkil edir. İndiyədək 359 hektarda tərəvəz, 647 hektarda bostan məhsulları əkilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 hektar tərəvəz və 2 hektar bostan məhsullarının artımı deməkdir. 25 hektar sahədə kartof əkini aparılıb.
Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınıb. Bu ilin birinci rübündə süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 754 ton artaraq 4275 ton, ət istehsalı 129 ton artaraq 1380 ton, yumurta istehsalı 20,192 milyon ədəd olub.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin birinci rübündə 1579 baş artaraq 35 min 725 başa, xırda buynuzluların sayı isə 5303 baş artaraq 128 min 961 başa çatıb. "Aqrolizinq" yolu ilə bu ilin birinci rübündə kənd əməkçilərinə 30 ton azot paylanıb. Rayonda 2010-cu il üçün əkilmiş buğda məhsulunun istehsalçılarına ilin əvvəlindən 821nəfərə 181,127,60 manat dövlət yardımı edilib.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 manat artaraq 213,5 manat təşkil etmişdir. Rayonumuzda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 32 min nəfər olub ki, bu da rayon əhalisinin 47,4 %-ni təşkil edir. Məşğul əhalinin 17,1 %-i dövlət sektorunda, 82,9 %-i isə qeyri dövlət sektorunda çalışır.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar çıxış edərək əldə olunan nailiyyətlərin davamlı olması üçün səylərini artıracaqlarını və qarşıda duran vəzifələrdən bəhs ediblər. Çıxış edənlər fürsətdən istifadə edərək ölkəmizdə iqtisadi, sosial, mədəni inkişafımızı istəməyən və bəzi xarici qüvvələrin sifarişi ilə qarşıdurma yaratmaq istəyən radikal müxalif düşüncəli şəxslərə sərt münasibətlərini bildirərək etirazlarını dilə gətiriblər.
Sonda ölkə başçısı İlham Əliyevə Hacıqabul ictimaiyyəti adından müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə