Məhdudiyyətlər insanları həqiqətən də yorur və etiraf edək ki, bu tək Azərbaycanda deyil, koronavirusla üzləşən bütün ölkələrdə belədir. Bu sözləri SİA-ya müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, Azərbaycanda müsbət tendensiya var və biz artıq pik həddini keçmişik.
“Sağalanların sayı artır, xəstələnənlərin sayı elə də çox deyil. Ona görə də insanlar sanki özlərini bir az sərbəst hiss etməyə başlayıblar. Küçələrə çıxanların sayı da artır, maska taxanların sayı da azalıb. Amma insanlar anlamalıdırlar ki, yəni bu təhlükə hələ sovuşmayıb. Evdə çox qalmağın ağır olduğu başadüşüləndir. Bu havada insanlar küçəyə çıxmaq istəyir. Amma gərək vətəndaşlar onu da nəzərə alsınlar ki, biz bir ay yarımdır ki, karantin rejimində yaşayırıq. Əgər insanlar küçələrə çıxsa, virus geniş yayılsa, elə bilin ki, bir ay yarımlıq bizim karantin şəraitində olmağımız boşa getmiş olacaq. Təzədən sıfırdan başlamalı olacağıq. Bütün bunların baş verməməsi üçün bəli, sosial məsafə gözlənilməlidir, lazım olmadığı halda küçəyə çıxılmamalıdır. Amma görürük ki, indi bizdən asılı olmayan səbəblərdən bu baş verir və baş verirsə də deməli, qaydalar sərtləşdirilə bilər. Amma bunun sərtləşdirilməsini heç kim istəməzdi və biz gözləyirik ki, mayın dördündən daha yumşalmalar olsun. Amma bunun baş verməsi üçün gərək yoluxanların sayı azalsın, sağalanların sayı artsın. Yəni bu dinamikanı biz saxlayırıq. Amma mən inanmıram ki, ikinci dalğa olsun və böyük sıçrama baş versin. İnsanların əslində böyük əksəriyyəti nizam-intizama riayət edib. Müəyyən azlıq var ki, bəli onlar bu qaydalara riayət etməyə çalışmırlar. Amma düşünürəm ki, pozitiv tendensiya var. Sadəcə, vətəndaşlara bir daha müraciət etmək lazımdır ki, ehtiyatı əldən verməsinlər”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB