Artur Rasizadə dünya ictimaiyyətini Metsamor AES-in bağlanmasına kömək etməyə çağırıb
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Çernobıl AES-də baş vermiş qəzanın 25 illiyinə həsr olunmuş sammitdə iştirak etmək üçün Kiyevə gedib. SİA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, "Ukrayna evi"ndə nüvə enerjisindən təhlükəsiz və innovasiyalı istifadə edilməsi məsələlərinə dair Kiyev sammiti işə başlayıb. Azərbaycanın Baş naziri sammitdə çıxış edib. Kiyev sammitində 60-dan çox nümayəndə, o cümlədən 17 nəfər dövlət və hökumət başçısı, dünyanın bir sıra ölkələrinin ali vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.
Azərbaycanın Baş naziri Artur Rasizadə öz çıxışında ən dəhşətli texnogen fəlakətin - Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. O vurğulayıb ki, Azərbaycan həmişə, o cümlədən bu faciə baş verən vaxtda da Ukraynanın yanında olub. Artur Rasizadə onu da qeyd edib ki, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş 8 min azərbaycanlı öz sağlamlığını itirib. Azərbaycanda bu insanlar sosial qayğı və dövlətin diqqəti ilə əhatə olunublar.
Azərbaycanın Baş naziri sammit iştirakçılarının diqqətini Ermənistandakı Metsamor AES-in seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyi olmasına cəlb edib. A.Rasizadə dünya birliyini artıq dağıdıcı zəlzələlərin baş verdiyi Ermənistandakı AES-in bağlanmasına kömək etməyə çağırıb. Sammitin nəticələrinə əsasən Yüksək Səviyyəli Bəyannamə qəbul edilib.
Azərbaycanın Baş naziri Artur Rasizadə sammit çərçivəsində Argentinanın xarici işlər naziri Ektor Timermanla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Azərbaycanın Baş naziri Artur Rasizadə artıq Bakıya qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB