“Ermənistan uzun müddətdir Dağlıq Qarabağ əhalisini özlərinin siyasi məngənəsində saxlayırlar. Bu gün də həmin siyasət davam edir. Çünki Ermənistanda Qarabağ məsələsi üzərində hakimiyyətə gəlir və ya hakimiyyətdən gedirlər. Paşinyan da eyni metoddan istifadə edir. Əgər Paşinyan özünü demokrat hesab edirdisə, məhz elə bu səbəbdən Dağlıq Qarbağda bu seçkilər keçirilməməli idi”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Paşinyan öz adamını Qondarma DQR-da hakimiyyətə gətirmək üçün bu addımı atıb: “Təbii ki, onlar çox gözəl bilirlər ki, bu “seçkilər” tanınmayacaq və tanınması da mümkün deyil. Əvvəla bu saxta seçkilər beynəlxalq hüquq normalarına tamamilə ziddir, ikincisi Azərbaycan 1992-ci ildə BMT-də Qarabağla birlikdə həmin inzibati sənədlər daxilində üzv olub, üçüncüsü hal-hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət buna imkan verməz. Çünki ölkəmizin dünyada kifayət qədər hörməti var. Bu həm siyasi-iqtisadi gücümüzə görə, həm aparılan islahatlara görədir. Gənc və ərazisi ilə əlaqədar problemi olmasına baxmayaraq, Azərbaycan bir neçə kateqoriyada dünyada özünə yer tutmuş bir dövlətdir”.
Politoloq bildirib ki, Azərbaycan çox uğurlu xarici siyasət aparır. Ona görə də, Dağlıq Qarabağla bağlı Ermənistanın siyasəti həmişə uğursuzluğa düçar olacaq: “İndi keçirilən bu seçkilər də məhz bu qəbildəndir. Lakin bu oyunlar onların xislətlərindən doğan əməllərdir. Erməni siyasətçilərinə artıq çoxüzlü yox üzsüz adlandırmaq olar. Çünki onlar siyasi cəhətdən əxlaqsızdırlar. Adətən bu cür əxlaqsız siyasətlər yürüdülən ölkədə xarici fikirləri nəzərə almırlar. Onlar üçün əsas olan qısamüddətli siyasi maraqlarıdır və bu siyasi maraqları da təmin etməkdən ötrü Ermənistan Paşinyan da başda olmaqla Dağlıq Qarabağda yenə həmin o əxlaqsız siyasəti həyata keçirir. Amma hər şeyin bir sonu olduğu kimi, bunun da bir sonu olacaq”.
C.Nuriyev vurğulayıb ki, hazırda Azərbaycan koronavirusla məşğuldur: “Yəni ikinci cəbhədə mübarizə açmağa ehtiyac yoxdur. Təbii ki, Azərbaycanın bir neçə cəbhədə mübarizə aparmağa gücü var, lakin Azərbaycan Prezidenti Azərbaycan xalqına çox böyük qiymət verir və insan kapitalını dəyərləndirir. Ona görə, hazırda Ermənistanın oynadığı oyunlar bizim Prezident üçün önəmli deyil. Hər şeyin zamanı var, onun da zamanı gələcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB