"Ermənistan Türkiyəyə kömək üçün müraciət edib" ÖZƏL-ŞƏRH

“Əslində koronavirus infeksiyası Qarabağda çoxdan yayılıb. Sadəcə olaraq bu gizlədilirdi. Məqsəd isə o idi ki, “prezident seçkiləri”ni keçirib sonra elan etsinlər. Artıq virusun yayılmasını gizlədə bilmirlər, etiraf edirlər və getdikcə virus geniş miqyas alır. Həmçinin orduya da sirayət edib. Qaldı bu durumda torpaqlarımızın azad olunmasına, bu məsələ hər zaman aktualdır. Məsələ burasındadır ki, Azərbaycanın özündə də virus yayılıb və onun miqyasını azaltmağa çalışırıq”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağda işğalçı orduda virusa yoluxanların sayı artarsa, bu həm Ermənistanda, həm də Dağlıq Qarabağda problemlərin artacağı deməkdir: “Amma bu arada müharibənin başlanması riskinin olacağını düşünmürəm. Əgər atəşkəsə riayət olunmasa, düşmənə hər zaman olduğu kimi zərbələr endirəcəyik. Virusun yayılmasına görə müharibənin başlaması, yaxud Azərbaycan ordusunun hücuma keçməsini zənn etmirəm. O da faktdır ki, atəşkəs intensiv pozulacaqsa, ermənilər təxribatlarını davam edəcəklərsə, toqquşma ehtimalı istisna deyil. Burada məsələnin virusla bağlı olub-olmadığını söyləmək də çətindir. İstənilən halda hadisələrin gedişatını izləmək lazımdır.

Həm xəstələrinin sayı artır, həm də iqtisadiyyatlarında problem yaşanıb. Bundan əlavə Ermənistanın əsas tərəfdaşları olan İran və Rusiya ilə sərhədləri bağlıdır. Rusiya ilə Gürcüstan üzərindən, İranla isə birbaşa sərhədlər bağlanıb. Həmçinin Qarabağla sərhədləri bağlamaq məcburiyyətində qalıblar. Belə bir ağırlaşmada Ermənistanın siyasətini müəyyənləşdirmək lazımdır. Təsadüfi deyil ki, Ermənistan Türkiyəyə kömək üçün müraciət edib. Demək özləri də çox böyük bir tələyə düşdüklərini anlayıblar. Bu durumda gözlənilən masa üzərində mərhələli həll planına getməkdir. Məntiq ondan xəbər verir ki, bu ağır durumda onların Azərbaycanla barışmağa ehtiyacları var. Hazırki durumda etiraf etsələr ki, qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına hazırıq, bu, sülh üçün güclü zəmin olar. Amma bunu etməsələr və təxribatlarını davam etdirsələr, o zaman müharibə riski həmişə böyük olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...