"Görüş türkdilli dövlətlərin birlik və həmrəyliyinin bariz nümunəsi oldu" Eldar İbrahimov

“Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi dünyamızın indiki narahat dövründə çox böyük addım və tarixi hadisədir. Zirvə görüşünün koronavirus pandemiyası ilə mübarizə məqsədilə keçirilməsi xüsusi önəm kəsb edir. Çünki bir neçə aydır ki, dünyanı koronavirus adlı bəla, təhlükə təhdid edir, ölkələr, iqtisadiyyatlar, insan həyatları sanki çökmüş, alt-üst olmuş bir vəziyyətdədir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, dünyanın böyük dövlətləri bu bəlanın əlində sanki aciz qalıb. Onun sözlərinə görə, sevindirici məqam odur ki, Azərbaycan dövləti koronavirus pandemiyasının geniş yayılmasıının qarşısının alınması və önlənməsi istiqamətində nümunə olmağı bacardı: “Düzdür, ölkəmizdə də koronavirusa yoluxanlar var, onların sayı 1000 nəfəri keçib, çox təəssüflər olsun ki, 10-dan çox vətəndaşımız bu infeksiyadan həyatını itirməli olub. Amma bununla belə, xeyli sayda insanımız məhz Azərbaycan səhiyyəsinin, tibb işçilərinin peşəkarlığı, Azərbaycan dövlətinin qayğısı sayəsində sağalaraq ailəsinə qovuşub, normal həyatına dönüb. Koronavirus pandemiyasının önlənməsi istiqamətində atılan addımların, qəbul edilən qərarların sayı da xeyli çoxdur. Hər gün bunların canlı şahidləriyik və bu, ölkəmizin gücündən, qüdrətindən, ölkə Prezidentinin iradəsindən, qətiyyətindən xəbər verir. Odur ki, ölkəmiz, dövlətimizin başçısı dünyada öz layiqli yerini tutan bir qurumda-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında birləşən qardaş və dost ölkələrdə yaşananlara da biganə və laqeyd qala bilməzdi. Ölkəmizin Prezidenti təşəbbüslə çıxış edərək, Türk Şurasının liderlərini videokonfrans vasitəsi ilə bir araya gətirdi, fövqəladə Zirvə toplantsını təşkil etdi. İstər fövqəladə Zirvə görüşünə, istərsə də bu çətin günlərdə Azərbaycanın dost və qardaş həmrəyliyinə görə, görüşün iştirakçıları hər biri ayrı-ayrılıqda Azərbaycan Prezidentinə öz təşəkkürlərini ifadə etdilər. Bildirdilər ki, Azərbaycanın Türk Şurasına sədrliyi çox ağır bir dövrə təsadüf edir, amma bununla belə, Azərbaycan bu missiyanın da öhdəsindən uğurla, layiqincə gəlməyi bacarır”.

E.İbrahimovun sözlərinə görə, Zirvə görüşündə qeyd olunub ki, Türk Şurası dövlətləri və xalqları səylərini bir daha gücləndirməklə, birlikdə koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq, Azərbaycanın sədrliyi ilə iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlıq daha da möhkəmlənəcək. Ölkələrimizin əməkdaşlığı səmərəli olacaq və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradacaq. Zirvə görüşünün bütün iştirakçıları öz fikirlərini, mövqelərini, açıqlayıb, görüləcək işlərin necə deyərlər, “yol xəritəsi”ni cızdılar.

“Öz növbəsində Azərbaycan Prezidenti İlha Əliyev Türk Şurasının liderlərinə minnətdarlığını ifadə etdi və bildirdi ki, koronavirusla mübarizədə birgə qalib gələcəyik və bu ağır vəziyyətdən az itkilərlə çıxacağıq. Həmçinin qeyd etdi ki, həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu isə onu göstərir ki, yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. Çünki qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm kəsb edir. Bütövlükdə, Zirvə görüşü bir daha türkdilli dövlətlərin birlik və həmrəylik nümayiş etdirməsinin bariz nümunəsi oldu”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...