Dünya türkdilli dövlətlərin bu çətin vaxtda qardaşlığını gördü - ÖZƏL ŞƏRH

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Əməkdaşlıq Şurasının sammitinin onlayn şəkildə keçirilməsi çox əhəmiyyətli bir hadisədir. Hesab edirəm ki, bununla türk dövlətləri bütün çətin vəziyyətlərdə birgə olduqlarını, öz səylərinin birləşdirdiklərini nümayiş etdiriblər. Cənab Prezident iclas zamanı Azərbaycanın hazırda təşkilata sədrlik etdiyi dövrdə görülən işlərdən danışıb. Türk dövlətlərinin koronavirusa qarşı mübarizədə birgə səylərinin artırıldığını vurğulayıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, bu gün türk dövlətlərinin hər biri bu bəlaya qarşı çox ciddi mübarizə aparır: “Görülən işlər türk dövlətlərinin ümumdaxili hesabına bu problemi həll etmək iqtidarında olduğunu göstərir. Qardaşlıq, dostluq, qonşuluq hər zaman çətin gündə tanınır. Türk dövlətləri də bu çətin gündə bir-birlərinə dəstək olduqlarını nümayiş etdiriblər. Hesab edirəm ki, həmrəylik, mehriban qonşuluq və yaxın qardaşlıq bu gün türk dövlətlərinin bir-birlərinə verdikləri ən böyük töfhə hesab etmək olar. Bu məsələdə şübhəsiz ki, hər bir ölkənin təcrübəsi var və bu təcrübəni bölüşməyə, ehtiyac yarandıqda bir-birinə maddi-texniki, tibbi ləvazimatlar, tibb personalı ilə köməklik göstərmək də əməkdaşlığın əsas sahələrindən sayıla bilər”.

A.Mirzəzadə qeyd edib ki, fikrimcə vacib məqamlardan biri post-koronavirus dövrünə türk dövlətlərinin hazırlaşmasıdır: “Koronavirusa qalib gələcəyik, amma dövlətlər bu və ya digər növ epidemiyalara qarşı mübarizə mexanizmini hazırlamalı və daha da təkmilləşdirməlidirlər. Heç istisna deyil ki, başqa bir zaman kəsiyində ya koronavirusun özü mutasiya edərək yenidən qayıda, yaxud başqa bir xəstəlik dünyanı yenidən ağuşuna ala bilər. Belə bir vəziyyətlə yenə qarşı-qarşıya gəldikdə türk dövlətləri daha da hazırlıqlı olmalıdırlar. Dünya eyni dildə danışan türk dövlətlərinin bu çətin vaxtda bir-birlərinə olan dostluğunu, qardaşlığını gördü. Azərbaycan da öz növbəsində bu çətin gündə qardaşlarının yanındadır. Öz imkanlarını türkdilli dövlətlərlə bölüşməyə hazırdır və cənab Prezident bu gün türk birliyinin dünyada özünə layiqli yer tutmasını və həmçinin dünya sivilzasiyasının qorunub saxlanmasına öz töfhəsini verdiyini bir daha nümayiş etdirib”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...