"Görüş Türk Şurasına üzv dövlətlərin hər biri üçün faydalı olacaq" ÖZƏL-MÜNASİBƏT

"Türk Şurasının Zirvə görüşünün keçirilməsi bu quruma hazırda rəhbərlik edən Azərbaycan tərəfinin və birbaşa ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə çağırıldı. Hazırki duruma müvafiq olaraq dövlət başçıları online (onlayn) rejimdə bu görüşü keçirdilər. Fikirləşirəm ki, Zirvə görüşü xeyli əhəmiyyətli bir hadisə idi. Nəzər alsaq ki, hazırki dövrdə dünyada yaranmış situasiya, koronovirus pandemiyası və bunun bütün dövlətlərin sosial, iqtisadi və siyasi həyatına təsiri, bundan çıxış yolları və s. kontekstində Türk Şurasının Zirvə görüşünün keçirilməsi olduqca vacib idi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

"Zirvə görüşünün də əsas mövzusu bu gün dünyanı narahat edən pandemiya təhlükəsi idi. Bu pandemiyanın ölkələrin iqtisadiyyatına vurduğu ziyanlar, onun aradan qaldırılması, eyni zamanda post-pandemiya dövrü ilə bağlı düşüncələr Zirvə görüşündə gündəmə gəldi. Türk Şurasının Zirvə görüşündə dövlət başçıları hazırki çətin və gözlənilməz durumda qarşılıqlı yardımlaşma, bir-birinə pandemiya ilə mübarizədə dəstək göstərilməsi məsələlərini müzakirə etdilər. Bu gün pandemiyanın nə vaxt bitəcəyi məlum deyil. Bu bütün dünyanı narahat edir. Pandemiyanın ölkələrin iqtisadiyyatına vurduğu ziyanlar çox böyük rəqəmlərlə ifadə olunur. Əlbəttə ki, post-pandemiya dövründə mütləq şəkildə bu ziyanları aradan qaldırmaq lazımdır. Fikirləşirəm ki, Türk Şurasının imkanları daxilində, Türk Şurasına daxil olan ölkələrin rəhbərləri səviyyəsində bu kimi məsələlərin müzakirə edilməsi çox vacib idi. Ümid edirəm ki, koronovirusla mübarizədə Türk Şurasına üzv olan dövlətlərin hər biri üçün bu görüşün faydası olacaqdır"-deyə,İ.Orucov fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə