"Beynəlxalq birlik qondarma “seçkiləri” qətiyyətlə pisləyir" Ceyhun Ələkbərov

“Azərbaycan Respublikası ərazisinin iyirmi faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, işğal altında olan Dağlıq Qarabağın yuxarı hissəsində cinayətkar separatçı rejimin mövcudluğu və Ermənistanın siyasi rəhbərliyinin Azərbaycan vətəndaşlarına qarşı etnik təmizləmə aparması nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır. Uzun illərdir Ermənistan işğalı qanuniləşdirmək üçün canfəşanlıq edir, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratik dünyaya etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərini azad etmək barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri yap.org.az saytına “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İB-nin İdarə Heyətinin üzvü, Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov deyib.

C.Ələkbərov bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərdə yaratdığı qondarma rejim Ermənistan tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış cinayətkar rejimdir və Ermənistan bu cinayətkar rejimdə “qondarma seçkilər” keçirməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin “işğalının nəticələrini” möhkəmləndirmək məqsədilə təşkil edilir. O xatırladıb ki, bir neçə gün öncə növbəti bir belə “seçki” şousu təşkil olunub: “Ümumiyyətlə qeyd edim ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində seçkilər yalnız və yalnız Azərbaycan Konstitusiyası çərçivəsində və Azərbaycan dövlətinin nəzarətində keçirilə bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılacağı, bu torpaqlardan didərgin salınmış yerli azərbaycanlı əhalinin öz doğulduğu yerlərinə qayıtdıqdan, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Amma məlumdur ki, Ermənistanın təcavüzkar və cinayətkar siyasəti nəticəsində Dağlıq Qarabağ bölgə olaraq nəzarətsiz zonaya və kriminal anklava çevrilmişdir”.

C.Ələkbərov qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki bu “seçki” şousunu da bundan öncəkilər kimi qəti şəkildə qəbul etmədi. Onun sözlərinə görə, bu qondarma seçkiyə beynəlxalq reaksiyalar çox sərt oldu, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Fransa, Rusiya bu qondarma seçki şousunu pisləyərək tanımadıqlarını, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdilər: “Bu “seçki” şousuna Avropa İttifaqınında reaksiyası həmişəkindən sərt oldu və Aİ Azərbaycanın işğal altında olan bölgəsində keçirilən qondarma seçkilərinin tanımadığı barədə bəyan etdi. Eləcə də, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı da bu “seçkiləri” qətiyyətlə pislədi. Sərt beynəlxalq reaksiyaya nümunə olaraq İran, Almaniya, Böyük Britaniya, Rumuniya, Çexiya və hətta siyasi-hərbi alyans olan NATO-nun bəyanatlarını sadalaya bilərik ki, beynəlxalq ictimaiyyət işğal altında olan Dağlıq Qarabağda keçirilmiş “qondarma seçki şousunun” qanunsuz olduğunu bəyan edir. Azərbaycanın strateji tərəfdaşı qardaş ölkə Türkiyə, digər strateji tərəfdaşımız Gürcüstan və Ukrayna isə nəinki qondarma seçkilər haqqında sərt mövqe sərgilədilər, onlar ümumiyyətlə bu şounun keçirilməsinə etiraz etdilər”.

C.Ələkbərov onu da söyləyib ki, qlobal pandemiya ilə mübarizə adı altında dövlətlər və beynəlxalq humanitar təşkilatlardan yardımlar alan işğalçı Ermənistan bu maliyyəni öz separatçı siyasətini möhkəmləndirməyə sərf edir. Buna misal olaraq, aldığı yardımı işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilərə” sərf etməsini göstərmək olar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...