“Koronavirusa qarşı mübarizədə dövlətimizin yanında olmalıyıq” AÇIQLAMA-ÖZƏL

“Koronavirusla bağlı vəziyyətin ciddiliyinin fərqinə varmalıyıq. Təkcə son iki gündə Azərbaycanda 100-dən çox Koronavirusa yeni yoluxan xəstə var. Bu isə o deməkdir ki, biz duruma daha hazırlıqlı olmalıyıq, karantin qaydalarına mütləq və mütləq əməl etməliyik”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, dövlətin işçi qrupları sosial proqramlar üzərində işləyir: “Dövlətimiz tərəfindən həm sahibkarlar həm də əhali üçün ən doğru addımları atılır və bundan sonra da atılacaq. Belə olan halda, bizə bir az səbr etmək düşür”.

Aprelin 5-dən ölkəmizdə koronavirus pandemiyasına qarşı SMS-xidmətinin fəaliyyətə başladığını deyən politoloq söyləyib ki, bununla yanaşı müvafiq hökumət qurumları və publik hüquqi şəxslər e-icazə vasitəsi ilə öz işçilərini qeydiyyatdan keçirməklə onların fəaliyyətini təmin edirlər: “ Sadə vətəndaşlar evdən marketə və ya aptekə getmək üçün "2" rəqəmini 8103-ə şəxsiyyət vəsiqəsini yazaraq göndərməli və cavab gəldikdən sonra 2 saat ərzində işlərini yekunlaşdırmalıdırlar. Bir də qeyd edim ki, bu nömrəyə qəsdən başqa SMS-lər atan, vəziyyəti zarafat predmeti edənlər üçün cəza mexanizmləri nəzərdə tutulub. Bu vəziyyət bizdən kifayət qədər ciddiyət və dözüm tələb edir. Koronavirusa qarşı dövlətimizin yanında olmalı, qaydalara əməl etməli və bu bəlanın bitməyini gözləməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə