İqtisadiyyatda dalğalanmaların önlənməsi üçün atılan mühüm addımlar ŞƏRH - ÖZƏL

"Prezident İlham Əliyevin İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən sahibkarlara, imkansız, aztəminatlı, yardıma ehtiyacı olan insanlara, ailələrə yardım edilməsi ilə bağlı tapşırıqların verməsi Azərbaycan dövlətinin, ölkə rəhbərinin iradəsinin, qətiyyətinin növbəti əyani göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

O bildirib ki, bu addımların davamı gələcək, növbəti sosial paketin icrası yaxın günlərdə mümkün olacaq: "Ölkə Prezidenti özü də İqtisadiyyat naziri ilə görüşündə bunun anonsunu verib. Eyni zamanda, özəl sektor, banklar da bu prosesə töhfələrini verməli, ödənişlər məsələsində güzəştlər tətbiq etməlidirlər. Bununla belə, insanlarımız, vətəndaşlarımız bugünlərdə daha həssas və daha diqətli olmalı, verilən qərarlara birmənalı əməl etməlidirlər. Kimsə bundan yayına, imtina edə bilməz. Biz birlikdə bu sınaqdan da dövlət, millət olaraq üzüağ və şərəflə çıxaçağıq, bunu birlikdə bacaracağıq".

Deputat söyləyib ki, koronavirusun dünya ölkələrin ağır itki verməsinə baxmayaraq, ölkəmizin bu çətin bəladan daha az itki ilə çıxması naminə dövlətimiz, hökumətimiz, Prezidentimiz öz üzərinə düşən işin, vəzifənin öhdəsindən layiqincə gəlir: " Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, oraya 20 milyon manat vəsaitin ayrılması, ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın bir illik məvaciblərini Fonda ianə etməsi, iqtisadiyyatda dalğalanmaların önlənməsi üçün bir milyard manat vəsaitin nəzərdə tutulması, dövlətin, dövlət başçısının bir daha Azərbaycan vətəndaşının yanında olduğunun bariz nümunəsidir".

K.Əliyeva qeyd edib ki, dövlətin öz üzərinə düşən vəzifələri yerinə yetirməsi fonunda cəmiyyət də öz üzərinə düşən vəzifəyə məsuliyyətlə yanaşmalıdır: "Kimliyindən asılı olmayaraq, hər bir kəs, hər bir vətəndaş xüsusi karantin rejiminin tələblərinə, şərtlərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ölkə Prezidentinin tövsiyələrinə, xəbərdarlıqlarına əməl etməlidir. Koronavirus epidemiyası-pandemiyası bu gün bütün dünyanı ağuşuna alıb, lərzəyə salıb, bəşəriyyət sanki bunun qarşısında aciz qalıb. Qonşu İranda, İtaliyada, İspaniyada və digər ölkələrdə yaşananlar, insanlıq dramı gözlərimiz önündədir. Hər gün minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir, on minlərlə insan koronavirusa yoluxur. Ona görə də hər bir kəs bu məsələnin, bu bəlanın, bu təhlükənin ciddiyyətini artıq sonadək dərk etməli, anmalıdır. Bu məsələ lağlağı, məsxərə, gülüb, deyib keçmək məsələsi deyil. Bu, çox böyük təhlükə və bəladır"

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...