"İşğalçı rejim beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda davam edir" ÖZƏL-AÇIQLAMA

"Bu gün bütün dünya ölkələrinin əsas diqqətinin ümumbəşəri bəlaya çevrilmiş (COVID-19) pandemiyası ilə mübarizəyə yönəldiyi bir dövrdə təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejim beynəlxalq hüququn norma və prinsiplərini pozaraq işğal olunmuş ərazilərdə növbəti seçki - şou təkil etdi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejimin bu addımı qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və danışıqlar prosesinə ciddi zərbədir: "Beləliklə, ermənilər beynəlxalq aləmə meydan oxumaqda davam edirlər. Belə saxta "seçki"lərlə bağlı əvvəllər BMT, ATƏT, digər beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət dəfələrlə bəyanatlar verib, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz "seçkiləri" pisləmiş və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bəyan etmişlər. Ancaq, ermənilər öz ampulalarında qalaraq bu bəyanatları heçə saymışlar. ATƏT-in Minsk qrupunun həmsədrləri saxta seçkilərlə bağlı növbəti bəyanat veriblər. Həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) də qeyd etdiyi kimi, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır. "Həmsədrlər bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Onu da qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın işğaldan azad olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bütün beynəlxalq tədbirlərdə və görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi prioritet məsələlərdən birini təşkil edir. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq və biz yenidən öz doğma yurdumuza dönəcəyik. Buna şübhəmiz yoxdur. Burada hər birimizin üzərinə ciddi məsuliyyət düşür. Erməni yalanlarının ifşası, Azərbaycanlılara qarşı törədilən soyqırım aktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərimizi daha da gücləndirməliyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə