BAXCP-nin sədr müavini: “Xarici ölkələrin məqsədi heç də iddia olunduğu kimi qanunun aliliyinə söykənən azad cəmiyyət quruculuğu, demokratik dəyərlər deyil” - MÜNASİBƏT

BAXCP-nin sədr müavini: “Xarici ölkələrin məqsədi heç də iddia olunduğu kimi qanunun aliliyinə söykənən azad cəmiyyət quruculuğu, demokratik dəyərlər deyil” - MÜNASİBƏT

Xəbər verildiyi aprelin 8-də bir sıra Qərb ölkələrinin Azərbaycandakı səfirləri və səfirliklərinin nümayəndələri İctimai Palatanın rəhbərliyi ilə görüşüb. Müsavat Partiyasının qərargahında keçirilən görüşdə Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirləri, ABŞ səfirliyinin təmsilçisi, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, digər Qərb təşkilatlarının Bakıdakı təmsilçiləri Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və AMİP sədri Yusif Bağırzadə ilə danışıqlar aparıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli hesab edir ki, sözügedən görüşün gizli keçirilməsi yaxşı niyyətlərdən xəbər vermir.

SİA-ya açıqlamasında E.Mirzəbəyli xarici ölkələrin məqsədinin heç də iddia olunduğu kimi qanunun aliliyinə söykənən azad cəmiyyət quruculuğu, demokratik dəyərlər olmadığını bildirib. Görüşün xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nə funksiyasına, nə də səlahiyyətlərinə uyğun gəldiyini deyən BAXCP sədrinin müavini belə bir təcrübənin dünyada olmadığını qeyd edib: "Məqsəd heç də dialoq deyil, ortada proseslərin istiqamətini dəyişdirməyə cəhd və təhrikedici addımlar var".

 

E.Mirzəbəyli ərəb ölkələrindəki qanlı inqilablardan ruhlanan bəzi barışmaz müxalifət partiyaların Azərbaycandakı real vəziyyəti nəzərə almadan, xarici ölkələrin də təhriki ilə qarşıdurmalara səbəb ola biləcək icazəsiz aksiyalar keçirməkdə qərarlı göründüyünü söyləyib: "Erməni diasporu qarşısında öhdəlik götürmüş bəzi superdövlət başçıları Azərbaycan hökumətini daxili sabitliyi pozmaqla təhdid edərək Qarabağın statusunu müəyyənləşdirəcək, ölkə Konstitusiyasına zidd olaraq Dağlıq Qarabağda referendum keçirilməsinə, o cümlədən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına mane olmamağa razı salmaq niyyəti güdürlər. Xarici güclər bu istəklərinə nail olarlarsa, yaxın keçmişdə olduğu kimi özləri hakimiyyəti daha qətiyyətli olmağa və insanları küçələrdən yığışdırmağa çağıracaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə