İki deyil, hətta yüz addım geriyə doğru getməkdə davam edirlər... TƏRS BAXIŞ

İki deyil, hətta yüz addım geriyə doğru getməkdə davam edirlər... TƏRS BAXIŞ

Bu reallıq, 100 minlərlə sağlam düşüncəli ictimai rəyin onları qəbul etməməsi ilə bağlı və birbaşa əlaqəsi olan danılmaz sübutdur

Seçkilərdən sonra radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların keçirdikləri icazəsiz piket bu düşərgə mənsublarının zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini növbəti dəfə nümayiş etdirmiş oldu. Məhz bu mənada, diqqət çəkən məqamlardan biri də o oldu ki, ağızlarına və ağıllarına gələnləri çığırıb-bağıran ünsürlər hələ də köhnə təfəkkür üzərində qalmaqda davam edirlər -səs-küy, boş-boş bağırmaq və reallığı qəbul etməmək cəhdləri...

Əbəs deyil ki, 26 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Beləliklə, dəyişən heç nə yoxdur. Radikallar öz yerlərində addımlamağa, daha dəqiqi isə, bir addım irəli getdiklərini sanarkən, iki deyil, hətta yüz addım geriyə doğru getməkdə davam edirlər. Bu reallıq, 100 minlərlə sağlam düşüncəli ictimai rəyin onları qəbul etməməsi ilə bağlı və birbaşa əlaqəsi olan danılmaz sübutdur.

Lakin maraqlı məqamlardan biri də budur ki, daim öz “uğurlu”, lakin satqınçılıq üzərində qurulmuş fəaliyyətlərini izafiləşdirərək, onu şişirdən, məğlubiyyətlərini məhz belə vasitələrlə gizlətməyə çalışan siyasi dedi-qoduçuların hələ də xalqın onların belə cəhdlərini oyunbazlıq kimi qəbul elədiyini dərk etməmələridir. Məsələ ondadır ki, onların MSK qarşısındakı hay-küyləri internet resurslarında az qala “şəksiz qələbə” kimi təqdim etmək cəhdləri də bu sıradandır. Halbuki bu aksiya öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə də diqqət çəkdi.

Onu da qeyd edək ki, bu hay-küy sirki yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər, özlərini “siyasi mühacir”, yaxud “dissident” adlandıranlar dərhal sosial şəbəkələr vasitəsi ilə vəziyyəti gərginləşdirməyə çalışdılar. O cümlədən, AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxslərin sosial şəbəkələrdəki çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar. Onlar dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Əlbəttə ki, bütün bunlar onların siyasətləri deyil, sadəcə, siyasətdən sui-istifadə etdikləri xislətlərinin göstəricisidir. Ancaq unudurlar ki, Avropanın mötəbər təşkilatları da onlardan imtina ediblər!

Görünür, indi də Azərbaycanı islahatlardan uzaqlaşdırmaq cəhdləri hələ də onların bir yerlərində ilişib-qalıb, buyruq qullarına çevrilən “liderlər” yenidən öz idbar arzularını reallaşdırmağa can atırlar. Lakin xalq onları rədd edib, indi də rədd etməkdədir.

Ümumiyyətlə, bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Belə olan vəziyyətdə həm də belə bir sual yaranır: Görəsən Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necədir?

Bu sualın cavabı bəsitdir. Sözügedən rəzalət mitinqində beş-üç kəlmə utopiya xəyallarına dalıb, fikir bildirən digər müxalifət partiyalarının funksionerləri də gördülər ki, AXCP sədri onlardan öz dividenti üçün istifadə edir. Hətta deyərdik ki, ötən 25 ildə Əli Kərimli müxalifət funksionerlərini dəfələrlə öz məqsədləri üçün istifadə etdikdən sonra, işlənmiş salfet kimi kənara atıb. Bu dəfə də belə oldu – Əli Kərimli mitinqin təşkilatçılığından tutmuş bütün məsələləri təkbaşına (?!) yönəltdiyini iddia edərək, elə mitinqin gedişindəcə, öz iddialarını müxalifət funksionerlərinin üzlərinə vurdu. Bu, o demək idi ki, “sizlər mənim üçün yalnız istifadə etmək üçün lazımsınız”. Məhz bu amilin özü düşərgədəki xaotik vəziyyətin nə dərəcədə olduğunu kifayət qədər sübut etməkdədir.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, 19-20 yanvarda baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verilməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılacaq. Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu guya hakimiyyətin qorxması və ya geri çəkilməsi kimi qələmə versin. Bu zaman sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və nəyə görə çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər?

Təbii ki, bu cür müxalifətin yeri yalnız siyasi məzarlıqdır. Artıq onların bu məzarları da uzun illərdir ki, qazılıb. Sadəcə, Əli Kərimli və ətrafı, yan-yörəsi siyasi ölümləri ilə barışmaq istəyində deyillər. Amma əvvəl, ya da axır, özləri də olmasa, xalq-hakimiyyət birliyinin sarsılmazlığı belələrini o məzara göməcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə