"YAP xalqın içindən çıxmış və xalqa xidmət edən partiyadır" ÖZƏL-MÜNASİBƏT

"YAP xalqın içindən çıxmış və xalqa xidmət edən partiyadır" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə hər bir seçki özlüyündə bir demokratiya yarışıdır. 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində çoxsaylı partiyalar iştirak edirlər”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Baş redaktorun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkiyə qatılmaq əlahiddə bir hadisədir: “Ona görə ki, YAP ümumxalq partiyasıdır, partiyanın qurucusu böyük dövlət xadimi Ulu öndərimiz Heydər Əliyevdir, ona görə ki, YAP-ın Sədri Azərbaycan Prezidenti cənab İlham Əliyevdir, partiyanın Sədrinin Birinci müavini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Bütün bunlar YAP-ın nüfuzunu, onun fəaliyyətindəki səmərəliliyi, onun ümumxalq partiyasına çevrilməsini şərtləndirir. Bu mənada YAP bu vaxta qədər ölkəmizdə keçirilən bütün seçkilərdə, demokratiya yarışında qalib gələrək qalib partiya olub. YAP həm də qələbələr və qələbələrə imza atmış bir partiyadır. Əlbəttə ki, 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində də biz bu resurslara söykənərək addımlarımızı müəyyənləşdiririk. Partiyanın müəyyənləşdirdiyi proqram var. YAP-ın öz namizədləri üçün müəyyənləşdirdiyi fəaliyyət proqramı var. Əlbəttə ki, bu fəaliyyət proqramı və atılacaq bu addımlar da inanıram ki, YAP-ın namizədlərinin qələbəsini şərtləndirəcək. Çünki YAP xalqın içindən çıxmış və xalqa xidmət edən bir partiyadır.

Bütün demokratik cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da seçki prosesi başlayandan dərhal sonra iştirak edəcək və yaxud iştirak etmək istəyən bütün namizədlər üçün bərabər start vəziyyəti yaradıldı. Yəni seçki haqqında qanun və hüquq bütün namizədlərə eyni dərəcədə şamil olundu. Ona görə də 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini yeni bir əlamətlər, yeniliklər müşahidə etməyə başladıq. Bu nədən ibarətdir? Parlament seçkiləri tarixində ən çox namizədin rəsmən qeydə alındığı bir seçki kimi yadda qaldı. Eləcə də ən çox gəncin, qadının qeydə alındığı bir parlament seçkisi kimi yadda qaldı. Eyni zamanda bütün bunlara baxmayaraq, ən az şikayətin Mərkəzi Seçki Komissiyasına daxil olduğu parlament seçkiləri kimi yadda qaldı. Baxmayaraq ki, namizədlər çox idi amma şikayətlər az oldu. Deməli burada təkmilləşən və günü-gündən inkişaf edən demokratik hüquqi cəmiyyətdə növbəti demokratiya şəffaflığını müşahidə etdik. Artıq seçki marafonunun böyük bir hissəsi geridə qalıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə