Politoloq: “Ərəb ölkələrində baş verən hadisələrin sonunda hakimiyyətə liberal düşüncənli adamlar gətiriləcək”- AÇIQLAMA

Politoloq: “Ərəb ölkələrində baş verən hadisələrin sonunda hakimiyyətə liberal düşüncənli adamlar gətiriləcək”- AÇIQLAMA
Ərəb ölkələrində baş verən hadisələr ona gətirib çıxaracaq ki, bütün regionda status-kvo vəziyyəti bir daha əvvəlki vəziyyətinə qayıtmayacaq. O kökündən dəyişəcək". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli açıqlamasında deyib. O bildirib ki, bu gün hadisələrə müdaxilə edən dövlətlər nəticədə öz geostrateji maraqlarını həyata keçirmək istəyəcəklər. Onun sözlərinə görə, hakimiyyətə elə qüvvələr gələcək ki, onlar daha çox liberal dəyərlər daşıyıcısı olsun, uzun müddətli prezidentlik iddiasında olmasın, maksimum 8 il, minimum 4 il prezidentlik imkanlarına malik olsun.

"Hakimyyətə elə qüvvələri gətirəcəklər ki, sabah onların siyasəti dəyişəndə ABŞ və ya Qərb üçün baş ağrısı olmasın. Siyasəti xoşa gəlmədikləri halda maksimum 4 il gözləməli olsun, növbəti 4 ilə həmin lider hakimiyyətdə olmasın. Uzunömürlü hakimiyyətin qarşısı alınsın. İndiki vəziyyətdə ərəb ölkələrində uzunömürlü prezidentlik mövcüd olduğuna görə, ABŞ və ya Qərbin mane olmaq, dəyişmək imkanları məhduddur. Bir sözlə hadisələrin sonunda hakimiyyətə liberal düşüncənli adamlar gətiriləcək. Məqsəd də budur",- deyə E. Nəsirli qeyd edib.
Hakimiyyətə radikal qüvvələrin gəlmə ehtimalının da olduğunu vurğulayan politoloq Qəzza bölgəsini xatırladaraq bildirib ki, Qəzza bölgəsində Həmas seçkilər yolu ilə hakimiyyətə gəlib: " ABŞ və Qərb bütün qüvvəsi ilə çalışacaq ki, bu qədər müddətdə çəkdikləri zəhmət faydasını versin. Belə olan halda hadisələrin hökm sürdüyü regionda gördüyümüz status-kvo bir daha geri qayıtmayacaq. Bundan əlavə, həmin regionun dünyanın qlobal zonası olduğunu nəzərə alsaq, bu vəziyyətdə olan ölkələr qabaqlayıcı addımlar atıb, sosial vəziyyəti yaxşılaşdırmalı, insanların yaxşı yaşaması üçün şərait, siyasi və sosial səviyyədə cəmiyyətdə tarazlıq yaratmalıdırlar. Mənə elə gəlir ki, inqilabın baş vermədiyi oxşar olan ölkələr də bundan nəticə çıxarıb qabaqlayıcı addımlar atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə