"Davos Forumu geniş imkanlara malik platformadır" ÖZƏL-MÖVQE

"Davos Forumu çox effektli bir meydançadır". Bunu SİA-ya politoloq Fikrət Sadıxov deyib.

Politoloqun sözlərinə görə, bu meydançada bir çox siyasətçilər, dövlət başçıları, diplomatlar, ictimai xadimlər, biznesmenlər iştirak edir, iqtisadi, siyasi baxımdan aktual məsələlər müzakirə olunur: "Bu müzakirələrin yekunu olaraq, hətta tərəflər arasında mühüm əhəmiyyət kəsb edən sazişlər də imzalanır. Prezident İlham Əliyevin İsveçrəyə səfərə getməsi, Davos Forumunda iştirak etməsi artıq ənənə halını alıb. İllərdir ki, dövlət başçısı bu cür mühüm beynəlxalq Forumda iştirakçı olur, Azərbaycanın əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, sahibkarlar üçün yaradılan şərait, sərmayə cəlbi barədə reallıqları dünyaya çatdırır. Azərbaycan Prezidentinin Forumdakı çıxışları, xarici televiziyalara verdiyi müsahibələr buna əyani misaldır. Davos Forumu Azərbaycanın öz mövqeyini, baxışlarını çatdırması üçün mühüm, geniş imkanlara malik platformadır. Bu dəfə Davosda Avrasiyanın strateji gələcəyi ilə bağlı müzakirələr aparılıb. Azərbaycan Prezidenti müzakirələrdə ölkəmizdə keçirilən parlament seçkiləri ilə əlaqədar bir sıra mühüm məqamlara, o cümlədən budəfəki seçkinin məqsədinə, milli maraqlara xidmət edən xarici və daxili siyasətimizə, həyata keçirilən islahatlara diqqət çəkib, gələcəklə bağlı planlardan, gözləntilərdən söhbət açıb. Belə görüşlər, müzakirələr Azərbaycanın maraqlarına tam cavab verir, beynəlxalq ictimaiyyətdə ölkəmizin nüfuzunu artırır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə