ADA Universitetində 20 Yanvar facəsinin qurbanları anılıb - TƏDBİR

Bu gün ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, xarici ölkələrin səfirləri, ADA Universitetinin rektoru Hafiz Paşayev, universitetin müəllim və tələbə heyəti iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva tədbiri açıq elan edib. Tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış çıxışını edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Azərbaycan xalqı hər il bu günü həm qəmginlik, həm də qürurla qeyd edir. Çünki bu o gün bizim müstəqilliyimizin müəyyənləşdirilməsində çox mühim rol oynayıb.

H.Paşayev ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı dərc edilən məqalələrdən, kitablardan söz açıb: "Azərbaycanın müstəqillik hərəkatı ilə bağlı həqiqətləri amerikalılara çatdırmaq çox vacib idi. Onlar bu mövzuya çox dərindən yanaşdılar. 1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi və o hadisələr zamanı baş verənlər haqqında çoxlu yalan məlumatlar var idi".

Digər çıxışçılar da 20 Yanvar hadisəsinin məqsədləri haqqında danışıb və onun Azərbaycan xalqına qarşı törədilən qanlı hadisə olduğunu diqqətə çatdırıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə