MSK-nın "Müstəqil Media Mərkəzi" fəaliyyətə başlayıb

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yüksək səviyyədə hazırlanıb, geniş aşkarlıq şəraitində azad və ədalətli keçirilməsi üçün nəzərdə tutulan irimiqyaslı layihələr ardıcıl, sistemli və keyfiyyətlə həyata keçirilməkdədir.

SİA-nın xəbərinə görə müxtəlif statuslu seçki prosesi iştirakçılarının fəaliyyətinin asanlaşdırılması, onlara hərtərəfli kömək göstərilməsi, habelə ictimaiyyətin seçkilərlə bağlı dolğun və operativ məlumatlandırılmasına hədəflənən növbəti layihə çərçivəsində Mərkəzi Seçki Komissiyasının “Secki - 2020” Müstəqil Media Mərkəzi yaradılıb.

Yanvarın 13-də Bakı şəhərindəki Hilton hotelində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvlərinin iştirakı ilə “Secki - 2020” Müstəqil Media Mərkəzinın açılışı baş tutub. Yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin asan və sərbəst məlumat əldə etmələri üçün Mərkəzdə yaradılan hərtərəfli şərait və geniş imkanlarla yaxından tanış olan sədr M.Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.

Qeyd etmək lazımdır ki, “Secki - 2020” Müstəqil Media Mərkəzi seçkiləri geniş və obyektiv işıqlandırmaq, habelə seçkilərdə şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi üçün KİV nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etmək və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərilməsi məqsədilə yaradılıb. Bunun üçün Mərkəz yüksək tələblərə cavab verən müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunub, həmçinin ödənişsiz internet də media təmsilçilərinin ixtiyarına verilib.

Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün hər cür şərait mövcuddur.

Müstəqil Media Mərkəzinin www.secki-2020.az internet səhifəsi artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, eləcə də seçkilərə dair foto və video görüntülər təqdim olunur.

“Secki - 2020” Müstəqil Media Mərkəzinin əlaqə məlumatları:

Telefonlar.: (+99412) 565-50-31

Ünvan: “Hilton” hotelinin "ONYX" zalı

Email: info@secki-2020.az

Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və ictimai əlaqələr şöbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə