Müsavatçı və “Milli Şura” üzvü Tofiq Yaqublu Arif Hacılını ifşa edir
Müsavat partiyasının rəhbərliyinin siyasi mühacir biznesində “qaz vurub, qazan doldurmaları” faktı ətrafında demək olar ki, günaşırı şəkildə ictimailəşdirilir və hər dəfə yeni faktlar, sübutlar meydana çıxır. Məhz bu baxımdan, hətta müsavatçıların əksər çoxluğu başqan Arif Hacılını və yaxın ətrafını qınayır, onların siyasi maraqlar pərdəsi altında biznes maraqları qurduqlarını deyirlər. Bu amil həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, Müsavatın Avropadakı “Müsavat AKM” adlı qolu birbaşa bu biznesin aparıcı qüvvəsi, hətta nüvəsi hesab olunub. Eyni zamanda, həmin təşkilat Bakıdan – A.Hacılının dirijor çubuğu ilə idarə olunub.
Tofiq Yaqublu hansı iddialarını irəli sürmüşdü?
Bu arada, bir müddət əvvəl Müsavat partiyası başqanının keçmiş müavini, hazırda da partiyada funksionerlik edən, eyni zamanda “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü olan Tofiq Yaqublunin fikirlərini xatırlatmaq yerinə düşərdi. Əbəs deyil ki, bu gün başqanı A.Hacılıdan daha çox AXCP sədri Əli Kərimlinin yanında görünən T.Yaqublu da partiya rəhbərliyini bir sıra ittihamlara məruz qoymasını xatırlatmaq olardı. Məsələn, Yaqublu bildirib ki, Müsavat partiyası ciddi cəhdlə "siyasi mühacirlər"ə verilmiş arayışları gizlətməyə çalışır. Qanunsuz yolla satılmış sənədləri ictimaiyyətə açıqlamaq istəməyən partiya rəhbərliyi Divan üzvlərinin iradlarını qulaqardına vurur, sanki heç nə olmamış kimi davranır.
Onun digər fikrinə görə, 2016-cı ildən indiyədək partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb edib. Amma buna şərait yaradılmayıb.
Məhz bu ifadədən də belə nəticə hasil etmək mümkündür ki, əgər öz günahlarını ortada fakt ola-ola inkar edən partiya rəhbərliyi hələ də öz inadkar mövqeyində dayanırsa, onlara qarşı iddialarla çıxış edənlər də eyni mövqelərini sərgiləyəcəklər. Maraqlıdır ki, hazırda Almaniyada və s. Avropa ölkələrində “Müsavat AKM”in üzvləri və fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılsa da, A.Hacılı və ətrafı “iki ayaqlarını bir başmağa dirəyib” “günahsız quzu” olduqlarını sübut etməyə cəhdlər göstərirlər. Amma haraya qədər..?
Müsavatçı funksioner partiya rəhbərliyinə barmaq silkələyir!
Bu cəhətdən də T.Yaqublunun bir neçə ay əvvəl irəli sürdüyü fikirlərini xatırlatmaq yerinə düşərdi. SİTAT: “Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının adına ərizə yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb etdilər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa, açıqlayacağam. Siz hələ ortada olan suallara cavab verin”.
Buradan da göründüyü kimi, T.Yaqublu ciddi şəkildə bu məsələnin üzərinə düşüb.
Tofiq Yaqublunun həm Arif Hacılıdan, həmçinin onun “mühacir biznesi” ortaqlarından alacaq öcü var, özü də sərt şəkildə
Başqa tərəfdən, o Müsavatın qurultayında başqanlığını irəli sürsə də, başqan ola bilmədi və onun bundan sonra daha kəskin ittihamlarla çıxış edəcəyini gözləmək mümkündür. Yəni T.Yaqublunun həm A.Hacılıdan, həmçinin onun “mühacir biznesi” ortaqlarından alacaq öcü var, özü də sərt şəkildə. O da əbəs deyil ki, bir müddət əvvəl verdiyi açıqlamasında o demişdi ki, “AKM” Müsavatın strukturudur, partiya rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb, habelə Bakıdan idarə olunur. SİTAT: “Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə, QHT kimi qeydiyyatdan keçirməyə məcbur olublar. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat partiyasına aidiyyatı olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki, içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib və yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda evin ona aid olmadığını deyir”.
Beləliklə, hər şey ortadadır, sadəcə qalır Almaniya hüquqmühafizə orqanlarının istintaq mərhələsini yekunlaşdırması. Çünki qarşıda Hollandiya, Fransa, Belçika və s. Avropa ölkələri də var ki, həmin ölkələrdə sözdə müxalifət partiyalarının, əməldə isə biznes təşkilatlarının əsasən də Müsavatın və AXCP-nin “siyasi mühacir” bazarları ifşa olunacaq gün dayanıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB