Ermənistan Müdafiə Nazirliyi: "Biz Xankəndi hava limanını müdafiə etmək qabiliyyətinə malikik"

Ermənistan Müdafiə Nazirliyi: "Biz Xankəndi hava limanını müdafiə etmək qabiliyyətinə malikik"

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədovun bəyanatına münasibət bildirib. SİA-nın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Davit Karapetyan deyib: "Ermənistan Silahlı Qüvvələri dövlətin hava məkanını müdafiə etmək qabiliyyətinə malikdir. Əgər rəqibin hər hansı bir hücumu baş verərsə bu onun böyük itkilər verməsi ilə nəticələnəcək".

Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov Azərbaycan ermənilər tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində ermənilərin inşa etdiyi hava limanına uçuşlar edən təyyarələri məhv edə biləcəyi barədə məlumat vermişdi: "Ermənilərin Xankəndi şəhərində yeni hava limanı inşa etməsi barədə məlumatımız var. Eyni zamanda bununla bağlı qabaqlayıcı tədbirlərə başlamışıq. Artıq ötən ilin oktyabr ayında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) da xəbərdarlıq göndərib. Biz bildirdik ki, Qarabağ üzərində hava məkanımız bağlıdır. "Aviasiya haqqında" qanuna əsasən hətta oraya uçan təyyarələrin fiziki cəhətdən məhv edilməsi də mümkündür".


Arif Məmmədov eyni zamanada İCAO-ya göndərilən məktubun Ermənistan tərəfinə təqdim edildiyini də vurğulayıb: "Müdafiə Nazirliyi ilə razılaşdıraraq biz İCAO-ya məktub yazdıq ki, bu hava məkanı bağlıdır və Azərbaycan Hərbi Hava Qüvvələrinin ixtiyarındadır. Ona görə də lazım olmayan hadisələrin baş verməməsi üçün indidən qarşı tərəfə xəbərdarlıq edin. İCAO-da mənim məktubumu Ermənistan tərəfinə göndərib. Həmçinin İCAO rəhbəri Azərbaycan tərəfinə məktub göndərib, bölgədə xoşagəlməz halın baş verməməsi üçün səylər göstərməyi tövsiyə edib".

Bütün xəbərlər Facebook səhifəmizdə