Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Ağstafa rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 16 mənzilli yaşayış binasının açılış mərasiminə qatılıb.
SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Fizuli Ələkbərov bildirib ki, bu gün Ağstafada daha 16 ailə mənzillə təmin edilib. Ümumilikdə dövlət başçısı tərəfindən Qarabağ əlilləri və şəhid ailələrinin mənzil təminatının tam şəkildə aradan qaldırılması istiqamətində verdiyi göstəriş, tapşırıqlara uyğun olaraq respublikamızda 800-yə yaxın vətəndaş mənzil və minik avtomobilləri ilə təmin edilib. Bu il ərzində Qarabağ müharibəsi və şəhid ailələrinin demək olar ki, hamsı yeni evlərə köçürüləcək.
Fizuli Ələkbərov mənzillərin orderlərini ev sahiblərinə təqdim edib. İnşa işləri ilə maraqlanan nazir evləri gəzib və şəraitlə tanış olub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri də onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, mənzillər müasir standartlara uyğun şəkildə inşa olunub. Bina 4 mərtəbəlidir. Burada 9 mənzil 3 otaqdan, 7 mənzil isə iki otaqdan ibarətdir. Evlər mebel ləvazimatları, istilik sistemi tam təmin edilib.
Ağstafadan sonra nazir Tovuz rayonuna yollanıb. Burada da Qarabağ müharibəsi əlilinə yeni mənzilin verilməsi mərasimində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB