Aydın Mirzəzadə: "Türkiyə Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanın maraqlarını fəal şəkildə dəstəkləyir"
"Azərbaycanla Türkiyə daim beynəlxalq arenada bir-birilərinin mövqeyini dəstəkləyən strateji tərəfdaşdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankara qeyd-şərtsiz Azərbaycanın mövqeyini dəstəkləməkdədir". SİA-nın xəbərinə görə, bu sözləri yap.org.az saytına açıqlamsında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərinə münasibət bildirən A.Mirzəzadə bu səfər zamanı qardaş ölkənin hökumət başçısının Dağlıq Qarabağ problemini gündəmə gətirməsini təqdir edib.
Onun sözlərinə görə, tarixi siyasi təcrübə və hazırki reallıqlar onu göstərir ki, Türkiyə istər regiona yönəlik, istərsə də, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar proqnozlaşdırılmamış hər hansı bir addım atmayacaq. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla Türkiyənin eyni mövqedən prinsipiallıqla yanaşdığı məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik ciddi cəhdləri intensiv şəkildə davam edəcək. "Bu cəhdlər şübhəsiz, regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması ilə nəticələnə bilər ki, bu da regional və qlobal miqyasda sülh, tərəfdaşlıq və əməkdaşlığa can atan bütün dövlətlər tərəfindən arzuolunan haldır" deyə o, vurğulayıb.
A.Mirzəzadə bildirib ki, Rusiya bu gün Türkiyə ilə sıx əlaqələrin olmasında maraqlıdır. Onun sözlərinə görə, iqtisadi, siyasi, diplomatik baxımından bir çox məsələlərdə bu ölkələrin maraqları üst-üstə düşür. Və gözlənilən səfər ilk növbədə dövlətlərarası münasibətləri daha da möhkəmləndirmək və yüksək səviyyəyə qaldırmaq məqsəd güdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB