"Boykot müxalif qüvvələrin tənəzzülünə gətirib çıxaracaq” MÖVQE-ÖZƏL

“Əgər bir siyasətçi, yaxud siyasi partiya əqidə, prinsip, qanunla, seçkilərdə qalib gəlmək yolu ilə məqsədinə nail olarsa, bu, siyasət olimpinə yüksəlişdir. Yox, əgər mənəviyyatını çirkin oyunlara qurban verərsə, hakimiyyətin alternativsiz və barışmaz opponenti görünmək üçün öz ətrafını, xüsusilə gəncləri, qadınları qəsdən "siyasi dustaq" damğası vurub, beynəlxalq güc mərkəzləri qarşısında "əzabkeş demokrat”, "alovlu liberal” adı ilə öz siyasi ambisiyalarına, pərdəarxası məkrli sövdələşmələrə alət edərsə, bu, qaranlıq dibi olan quyuya enişdir”. Bunu SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, xalqla, sadəlövh insanlarla manipulyasiya etmək heç bir siyasi etikaya, mənəviyyat çərçivəsinə sığmır: “26 ildir hakimiyyət eşqi ilə alışıb-yanan readikal müxalifət ortaya bir konseptual yanaşma qoymayıblar və indi də hər şeydə əsassız yerə hakimiyyəti günahlandırırlar. Radikal müxalifət bir qayda olaraq son illərdə əksər seçkiləri - prezident, parlament və bələdiyyə seçkilərini boykot etdiyini açıqlayır. Bu, dərsini bilməyən şagirdin onsuz da kəsiləcəyini anladığı üçün bəhanə ilə imtahandan yayınmasına oxşayır”.

Politoloq söyləyib ki, xalqı düzgün gələcəyə aparmaq üçün çalışan dövlət başçısına əngəl olmaq cəhdləri ilə, virtual qarayaxmada trol dəstəsindən yararlanmaqla, qeyri-qanuni mitinqlər təşkil edib qarşıdurma, çaxnaşma yaratmaqla hakimiyyətə gəlmək mümkün deyil: "Kimlər üçünsə xaricdən alınmış qrantlarla, verilmiş təlimatlarla görülmüş işlərin uyğun gəlib-gəlməməsi bununla ölçülə bilər. Lakin xalq bu prosesdə neytral qalmağa üstünlük verir”.

N. Məmmədova vurğulayıb ki, uzun illər ölkədə baş verən proseslər xalqda siyasətə inamsızlıq, ümidsizlik yaradıb: “Müxalif partiyaların adlarının daxildə və xaricdə müxtəlif fırıldaqlarda hallanması onların imicini xeyli dərəcədə ləkələyib. Bundan tək çıxış yolu müxalifət partiyaları sıralarında yenilənmə, gənclərə meydan verilməsi, hakimiyyətlə qarşıdurmanın müstəvisini küçə iğtişaşlarından və sosial şəbəkələrdə təhqirlərdən sağlam siyasi debatlar formatına kökləmək və digərləri olardı. Boykot isə seçkinin pozulmasına yönəlmiş addım olsa da, son nəticədə passivləşən müxalif qüvvələrin tənəzzülünə gətirib çıxaracaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...