“Zorakı ekstremizm ilə mübarizə” adlı beynəlxalq konfrans keçirilib

Bu gün, 10 dekabr tarixində Bakıda “Zorakı ekstremizm ilə mübarizə” adlı beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai və digər beynəlxalq təşkilatların nümayəndələri və media nümayəndələri işrirak edibblər.

Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda din pərdəsi altında gizlənərək öz maraqlarını həyata keçirməyə çalışan qrupların olduğunu və onlara qarşı vaxtında profilaktik tədbirlər görüldüyünü diqqətə çatdırıb. Komitə sədri xüsusilə vurğulayıb ki, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qəbul olunan qanun din amilindən sui-istifadə edərək Azərbaycanda din adı altında ekstremist qrupların yaranmasının qarşısını almaq üçündür. Komitə sədri əlavə edib ki, Azərbaycan müsəlman ölkəsidir, əhalisinin 96 faizi müsəlmandır, lakin Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait yaradılıb və dini konfessiyalar harmoniya içərisində yaşayır.

Mübariz Qurbanlı onu da nəzərə çatdırıb ki, ekstremizm dialoqu, barışığı inkar etdiyindən bəşəriyyətin qarşısında duran və həlli vacib olan məsələlərdən biridir.

Konfransda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai vurğulayıb ki, sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi, insan hüquqlarına hörmətin artırılması ekstremizmə qarşı mübarizədə vacib əhəmiyyət kəsb edir. BMT rəsmisi ekstremizmə qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, BMT Azərbaycanın ektremizmə qarşı mübarizədə səmərəli əməkdaşlığını dəstəkləyir.

Q.İsaqzai həmçinin Azərbaycanda dini tolerantlığın və harmoniyanın mövcud olduğu bir cəmiyyətin formalaşdığını diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycanda dünyəvilik qorunur və ekstremizmə qarşı ciddi mübarizə aparılır.

Konfrans digər natiqlərin çıxışları ilə davam etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...