"İnkişafda olan Azərbaycanın memarı məhz Heydər Əliyevdir" RƏY-ÖZƏL

“Ulu öndər haqqında söz söyləmək həddindən artıq çətin və məsuliyyətlidir. Çünki, Ümummilli Lider Heydər Əliyev çox böyük şəxsiyyətdir”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Son 200-300 il ərzində türk, müsəlman dünyasında çox az sayda tanınmış, görkəmli şəxsiyyətlərin olduğunu deyən deputat söyləyib ki, həmin şəxslərdən biri Ulu öndər Heydər Əliyevdir.

O deyib ki, Ümummilli liderin həyat və fəaliyyəti, dövlətçilik nümunəsi ilə tarixə qızıl hərflərlə daxil olub: “ Ulu Öndər Heydər Əliyev hələ Təhlükəsizlik Xidmətində işlədiyi müddətdən azərbaycançılıq, dövlətçilik, ölkə dəyərlərinin qiymətini bilmək, onları üzə çıxarmaq, Azərbaycan tarixinə diqqətlə yanaşmaq məsələlərinə önəm verirdi”.

E.Məmmədov vurğulayıb ki, 1969-cu ildə Azərbaycan Respublikasına rəhbər seçildiyi, SSRİ miqyasında yüksək vəzifədə çalışarkən, eləcə də müstəqil Azərbaycanın rəhbəri olduğu dövrdə Heydər Əliyev xalqımız, dövlətimiz üçün əvəzsiz işlər görüb: “Əgər Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkid, tələbi ilə yenidən hakimiyyətə qayıtmasa, Azərbaycana rəhbərlik etməsə idi, bu gün müstəqil Azərbaycan olmayacaqdı”.

“Əgər o zaman Ümummilli lider olmasa idi xarici qüvvələr daxildəki əlaltılarının vasitəsilə ölkəmiz parçalanacaq, hətta yer üzündən yox olacaqdı. Çünki, artıq ölkədə vətəndaş müharibəsi baş verir, ölkə dağılır, artıq Azərbaycnıın olub-olmayacağı məsələsi gündəmə gəlmişdi. Lakin Heydər Əliyev ölkəni, eləcə xalqı bütün bu bəlalardan xilas etdi, Azərbaycanın dövlətçiliyi qorunub saxlandı”,- deyə deputat qeyd edib.

Bugünkü müstəqil Azərbaycanın əsasının Ulu öndər tərəfindən qoyulduğunu deyən millət vəkili əlavə edib ki, hazırda inkişafda olan güclü ölkəmizin memarı məhz Heydər Əliyevdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə