Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.

Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”.

Bununla Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etdi. Lakin azərbaycançılıq ölkəmizin ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir.

Belə bir fikri də ifadə etmək olar ki, azərbaycançılıq coğrafi anlayışdan daha çox siyasi anlayış kimi qəbul olunur. Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır.

Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığın ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, ölkə cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətidir.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixinə və taleyinə parlaq, silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamışdır.

Xatırlatmaq yerinə düşər ki, müstəqillik illərində Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyulmuşdur. Ümummilli liderin Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”.

Ulu öndərin artıq aforizmə çevrilmiş bu sözləri isə azərbaycanlıların qəlbindən və şüurundan heç zaman silinməyəcək. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.

Bəli, Ümummilli lider xalqını bu cür yüksək qiymətləndirir, millətinə xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirirdi. Əslində müstəqil dövlətimizin banisi olan Heydər Əliyev elə ən böyük azərbaycanlı idi.

Müstəqillik illərində xarici siyasətin əsas tərkib hissələrindən biri kimi dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyi mühüm vəzifə kimi qarşıya qoyulmuşdu. O dövrdə həyati əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin təminatı konsepsiyası hazırlanmışdı.

İndi Azərbaycan diasporu kifayət qədər inkişaf edib. Bunun davamı olaraq müxtəlif mədəniyyət mərkəzləri də yaradılıb ki, onlar Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin dünyada tanınmasında, müstəqil ölkə ideallarının beynəlxalq səviyyədə müdafiəsində müəyyən xidmətlər göstərirlər. Hər şeydən əvvəl, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onların üzərinə böyük vəzifələr düşür.

Azərbaycançılıq ideyalarının təbliği bu gün Prezident İlham Əliyevin xarici və daxili siyasətində başlıca yer tutur. Dövlətimizin başçısı xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onları daha fəal olmağa çağırır və bu istiqamətdə məqsədyönlü işlər aparır.

Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Fondun son illər həyata keçirdiyi iri layihələr bunun bariz nümunəsidir. Bir faktı deyək ki, Azərbaycanın tarixi-mədəni abidələri artıq UNESCO-nun dünya irsi siyahısında layiqli yerini alıb. Sözügedən nüfuzlu təşkilat tərəfindən İçərişəhər dünyanın ən gözəl abidələri siyahısına, Azərbaycan muğamı isə qeyri-maddi mədəni irs siyahısına salınıb. Bu siyahıya “Atəşgah” məbədinin bərpası, Qobustan və Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzini də dünya mədəni irs siyahısına salınması kimi layihələri daxil etmək olar. Artıq ictimai şüurda da formalaşıb ki, bizim ən böyük sərvətimiz mədəni irsimiz- ədəbiyyatımız, poeziyamız, musiqimiz, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz və memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi bütün dünyada tanıtdırır. Bu gün bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur.

Azərbaycan tarixən müxtəlif millətlərin dinc şəkildə yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə də Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.

Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının yaradılması və yayılması istiqamətindəki rolunu dəyərləndirən Millət vəkili Aydın Mirzəzadə mətbuata açıqlamasında bildirib ki, azərbaycançılıq ideologiyasının kökləri dərindir və bu regionda Azərbaycan xalqının formalaşdığı bir dövrdən başlayır: "Azərbaycançılıq təkcə bu torpaqla, xalqla, onun mədəniyyəti, tarixi ilə bağlılığı olmayaraq, dünyada müasir və inkişafa xidmət edən cəhətlərin birləşməsi deməkdir”.

Azərbaycançılığın cəmiyyətdə həmişə aparıcı ideologiya olduğunu vurğulayan millət vəkili qeyd edib ki, dövlətimiz əlimizdən alınıb, sıxışdırılıb, başqa dövlətlər bizim torpağı işğal ediblər, ancaq bununla belə Azərbaycan xalqını məhz azərbaycançılıq ideologiyası xilas edib və onun inkişafına, öz yerini tutmasına kömək edib: "Azərbaycançılıq konkret bir ideologiya, təcrübədir. Bu, sadəcə bir nəzəriyyə deyil, eyni zamanda, həyatla sıx bağlıdır, onun daşıyıcıları, aparıcı qüvvələri, düşünən beyinləri olub. Tarixən hər zaman Azərbaycan xalqı öz layiqli övladları ilə bu dünyada özünəməxsus yer tuta bilib. Ən əsası azərbaycançılıq müasir dövrdə də müstəqil, güclü Azərbaycan dövlətini qurmağa kömək edir. Azərbaycançılıq təkcə bir xalqın, bir dil daşıyıcılarının ideologiyası deyil, həm də müasirliyin, müasir dövlətin ideologiyasıdır. Bu gün milliyyətindən, dinindən, siyasi dünya görüşündən asılı olmayaraq, Azərbaycan dövlətində yaşayan nə qədər insan varsa, onların hər biri azərbaycançılığın formalaşmasında iştirak edir, onun yaşamasına dəstək verirlər”.

“Azərbaycançılıq Azərbaycan dövlətinin tarixi, mədəniyyəti ilə bugünkü müasir təfəkkürün, inkişaf ideyalarının birləşməsi deməkdir. Bu ideyanın yaşamasına kömək edən isə şübhəsiz ki, Azərbaycan xalqının layiqli övladları olub. Konkret olaraq Heydər Əliyev şəxsiyyətinin azərbaycançılığın yaranmasında və bugünkü müasir forma almasında böyük zəhməti olub. O, dövrün problemlərini həll etməklə yanaşı, Azərbaycan xalqının gələcək yolunun müəyyənləşməsində böyük xidmətləri ilə yanaşı, Heydər Əliyev öz dövründə böyük bir məktəb yaradıb və bu məktəbi keçənlər öz xalqına, dövlətinə sədaqətlə xidmət edirlər. Bu məktəbin ən böyük parlaq yetirməsi Prezident İlham Əliyevdir. Onun fəaliyyəti bu gün Azərbaycan dövlətinin müasir formada qurulmasına və ölkəmizin beynəlxalq arenada layiqli yer tutmasına xidmət edir”- deyə, millət vəkili Aydın Mirzəzadə sözlərinə əlavə edib.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə deyib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirib: “Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sabit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı”.

YAP funksioneri Eldar İbrahimov qeyd edib ki, Ulu öndərin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası dahi Lider tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün cənab Prezidentin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən dövlətinə çevrilib”.

Sözügedən ideologiya Azərbaycan cəmiyyətində milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır. Hesab edirəm ki, bütün tədris müəssisələrində dövlət atributları təbliğ olunmalıdır. Müstəqil Azərbaycanın dövlət rəmzləri olan himni dünyanın hər nöqtəsində səslənir, milli gerbi dövlətçiliyini nümayiş etdirir, dövlət bayrağı isə Azərbaycan üzərində fəxrlə dalğalanır!

Minarə Hacıyeva

Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...