Prezident İlham Əliyev: “Biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin”
Hər bir millətin tarix boyunca inkişaf etmiş, zaman-zaman azacıq dəyişmiş milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərləridir. Bəzən fərdlərə görə dəyişən milli dəyər anlayışı çox zaman ümumi rahatlıq və vətən naminə birlikdəlik nümayiş etdirməkdir. Çünki bir milləti var edən və daima ayaqda saxlayan milli-mənəvi dəyərləridir. Bu baxımdan, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür. Bir faktoru da unutmaq olmaz ki, Ulu Öndər Heydər Əliyev bu əhəmiyyətli məqama daim üstünlük verərək, milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının bizim hər birimiz üçün qiymətli və müqəddəs amil olduğunu vurğulayıb. Xalqımız əsrlər boyu qoruduğu, bəzən əlindən alınmağa cəhd edilən adətləri, ənənələri, dini, tolerantlıq və multikultural baxışımızı bu günədək gətirib çıxara bilib, bu milli özünüdərkin formalaşmasına böyük kömək edib.
Ulu Öndər Heydər Əliyev vurğulamışdı: “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”
Bu gün Avropaya inteqrasiya fonunda əsrlərdən gələn dəyərlərimizin itirilməsinə yol vermək olmaz. Belə ki, məhz Azərbaycançılıq ideologiyasının əsasını təşkil edən mənəvi dəyərlərimiz bizi xalq kimi, dövlət kimi yaşadır, bundan sonra da yaşadacaq. Bu baxımdan, daha bir mühüm məqamı da xatırlatmaq olar ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna yer ayırdı. Ümummilli Liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ümummilli Lider əsasən 3 tərkib hissəni xüsusi qeyd edirdi: dil, din, adət-ənənə. O deyirdi ki, Azərbaycançılığımızı, milli ideologiyamızı, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirməliyik. Qeyd etmək vacibdir ki, qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Onun milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” - bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir. Onun ideyalarını indi Prezident İlham Əliyev layiqincə davam etdirir, milli dəyərlərimizə, mənəvi sərvətimizə sahib çıxır.
Prezident İlham Əliyev: “Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var”
Bu gün dövlətimiz milli dəyərlərimizin qarantına çevrilib, Prezident İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. "Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir" - prinsipi əsas götürülür.
Bu baxımdan, cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 100-cü ildönümündəki çıxışı, gənclərə verdiyi tövsiyələri mühümlük təşkil edir. “Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var”, deyə qeyd edən ölkə başçımız vurğulayıb ki, bunu biz qorumalıyıq və gənclər də bunu eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər.
“İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə”
SİTAT: “İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.
Cənab İlham Əliyevin bu xitabından həm də belə bir nəticə hasil etmək lazımdır ki, məhz dövlət başçısının konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli mədəniyyət və dövlətçilikdir. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bu istiqamətdə atılan hər bir addım qədim zamanlardan bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.
Qərbin bizə doğma gələn milli dəyəri yoxdur
Müasirlik milli kökü, adət-ənənəni itirmək demək deyil, adət-ənənə, milli-mənəvi kökümüz elə müasirlik ənənələrinin fonunda da var ola bilir. Avropanın soyuq və xalqımıza layiq olmayan “dəyərlərini” cəmiyyətimizə sırımağa çalışanlar da artıq bunu anlamağa məhkumdurlar. Əbəs deyil ki, avropalı sosioloqlar, elm adamları indi təşviş içindədir, çünki onların cəmiyyətlərinin mənəviyyatında böyük problemlər yaşanır. Onlar bu aşınmanı aradan qaldırmaq üçün Qədim Şərq mədəniyyətini öyrənməyə başlayıblar. Cəmiyyətimizdə bir qisim gənc müasirləşmək adı altında Avropa cəmiyyətinin davranışını, geyimini örnək götürür. Amma sirr deyil ki, Qərbin bizə doğma gələn milli dəyəri yoxdur, həmin qismə cazibədar gələn oradakı müasirlik adı altında boy göstərən mənəviyyat problemidir.
Beləliklə, biz bir daha əmin oluruq ki, müstəqilliyin, dövlətçiliyimizin əsas üstünlüyü mənəvi məsələlərə diqqət ayırmaqdır. Dil, din, əxlaq, mental dəyərlər, dövlətçilik sistemi, xalqın özünəməxsus cəmiyyətdaxili münasibət sistemi, ailə institutu, ağsaqqalıq və ağbirçəklik institutu və s. bizim milli-mənəvi sərvətimizdir. Ona görə də, Prezident İlham Əliyevin möhtəşəm çıxışından bir daha nəticə çıxarmalıyıq ki, Azərbaycan məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemı ilə var olub və olacaq!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB