Qeybulla Qeybullayev qızı Arzunun “11 mart” aksiyalarının təşkilatçısı olmadığını bildirdi – ƏKS SƏDA

Qeybulla Qeybullayev qızı Arzunun “11 mart” aksiyalarının təşkilatçısı olmadığını bildirdi – ƏKS SƏDA

Dünən SİA-nın internet saytında "İğtişaş törədənlərə rəhbərlik edənlərdən biri də Türkiyə Baş nazirinin müşaviri Qeybulla Qeybullayevin qızıdır" başlıqlı informasiya yerləşdirilib. Qərəzsiz yazılmış məqalədə qeyd olunan faktlar "Facebook" sosial şəbəkəsində yaradılan "11 Mart - Böyük Xalq Günü" qrupunun yaydığı müraciətdən götürülüb. Eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyindən bəzi faktları dəqiqləşdirməyə çalışsaq da bu mümkün olmadı.
Bu gün isə həm Qeybulla müəllimdən, həm də qızı Arzudan e-mail-imizə etiraz məktubları daxil olub. Məktubun bəzi məqamlarını qeyd etməyi lazım bildik. Nəzərə alsaq ki, qarşı tərəfin münasibətini də dərc edəcəyimizə söz vermişdik.
Q.Qeybullayev məktubunda Arzunun onun qızı olduğunu bildirir və əlavə olaraq qeyd edir: "Nəzərinizə çatdırım ki, qızımın bu müraciətin hazırlanmasında iştırakı olmayıb. Təsadüfi deyil ki, bu səbəbdən və sonradan onun soyadı imza atanların siyahısından çıxarılmışdır".
Arzu da baş verən hadisələrdə özünün təşkilatçı olaraq iştirak etməsini qəti olaraq inkar edib: "Mən heç kimi, heç hara çağırmamışam. Heç bir şeyin altına da imzamı atmamışam. Başqa nə deyim?..".
Hörmətli Qeybulla müəllim və onun qızı Arzu xanım istəsələr "Facebook"dan və bu sayta istinad verilən məlumatı digər saytlardan da oxuya bilərlər. Maraqlıdır, əgər Arzunun bundan xəbəri yoxdursa niyə o, aksiyadan əvvəl Azərbaycan gənclərinə müraciət edib adının ora kimlər tərəfindənsə bilərəkdən, yaxud təsadüfən düşdüyünü bəyan etmədi. Yəqin ki, Arzu xanım facebook paylaşım şəbəkəsindən istifadə etməklə adının bu aksiyada hallanmasına etiraz edərdi və bununla bağlı bəyanatını çox asanlıqla yaya bilərdi. Bizə ünvanladığı məktuba da ehtiyac qalmazdı. Belə görünür ki, hadisələr qrupun rəhbərlərinin istəklərinə uyğun cərəyan etmədi. Əgər etsəydi Arzu xanım başqa mövqedə olacaqdı.

Ata və qız Abdullayevlərə də cavab verməyə məcburuq:

Hörmətli, Qeybullayevlər ailəsi. Məktubunuzu aldıq. Təbii ki, iddia etdiyiniz kimi bir insanın özü haqqında yanlış informasiyaların mediada yayılması çox ağrı verən bir haldır. Lakin siz bizi- informasiyanı ilk ötürməyən bir qurumu ittiham etməklə düzgün iş görürsünüzmü? Əgər yazını diqqətlə oxumusunuzsa, görərsiniz ki, biz yazımızda məsələ ilə bağlı araşdırma apardığımızı demişik. Bizim vəzifəmiz yayılan məlumatları çatdırmaq olub və məsələ ilə bağlı araşdırmanı aparacağımızı da bildirmişik. Hətta məsələ ilə bağlı Türkiyə səfirliyi ilə əlaqə saxladıq. Lakin Türkiyə səfirliyini də sizinlə bağlı yayımlanacaq informasiya maraqlandırmayıb. Çox maraqlıdır ki, 11 mart aksiyalarının keçirilməsi ilə bağlı müraciətlərdə hallanan adlarda mütləq Arzu Qeybullanın adı var. Biz heç də bununla sizi ittiham eləmirik, məsələ ilə bağlı rəsmi məlumat yaysaydınız, həmin siyahıları göstərən insanları məsuliyyətə cəlb etsəydiniz olmazdımı? SİA sizə qızınızın da adının hallandığı bəyanatın linkini göndərir və bir daha bildirmək istəyirik ki, dünənki aksiya ilə bağlı qızınızın adı heç də təkcə SİA-da hallanmayıb.

http://qafqazinfo.az/"11_MART___BÖYÜK_XALQ_GÜNÜ"_QRUPU_MÜRACIƏT_YAYDI-7733-xeber.html

Yazıda "Şok" yazmışıq. Ancaq bu şok bir növ özümüz və bütün Azərbaycan xalqı üçün şokdur. Qeybulla Qeybullayev kimi bir siyasətçinin, özünüz dediyiniz kimi Vətənini sevən bir vətəndaşın qızının Azərbaycan dövlətçiliyinə qarşı keçirilən belə aksiyalarda əlinin olması, ən azında adının hallanması bizi şoka salıb.
Həqiqətin araşdırlması məsələsinə gəldikdə isə biz informasiyanı növbəti dəfə yayan qurumuq və araşdırma aparacağımızı göstərmişik. Sizin dediyiniz kimi doğru xəbər özü gəlib bizi tapdı. İnformasiyanı təkzib edirsinizsə bununla bağlı rəsmi bəyanatı özünüz də yaya bilərsinz
Çox hörmətlə, Səs İnformasiya Agentliyi

Bütün xəbərlər Facebook səhifəmizdə