Prezident İlham Əliyev: “Biz elə etməliyik ki, daim enerji ilə təminat tələbatımızı qabaqlasın”

Prezident İlham Əliyev: “Biz elə etməliyik ki, daim enerji ilə təminat tələbatımızı qabaqlasın”
"Biz yaxşı bilirik ki, ölkədəki vəziyyət necədir, həm bölgələrdə, həm Bakıda, həm Bakının qəsəbələrində hansı problemlər öz həllini gözləyir. Sadəcə olaraq hesab edirəm ki, indiki mərhələdə bütün bu problemləri həll etmək üçün, bir də demək istəyirəm, xüsusi proqram tərtib olunmalı, yaxın zamanlarda qəbul edilməlidir. Burada qaldırılan məsələlər - yollar, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələlər də bu Proqramda öz həllini tapacaq". SİA-nın xəbərinə görə, bunu prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədəki yekun nitqində deyib.

Prezident bildirib ki, bundan başqa proqramda qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır. Hər bir qəsəbə üzrə Proqramda xüsusi bəndlərin olacağını deyən dövlət başçısı vurğulayıb ki, hər qəsəbə üzrə kompleks yanaşma təmin edilməlidir, icra mexanizmləri, icra müddəti, şübhəsiz, müəyyən edilməlidir: "Proqramın qəbul olunmasından sonra dövlət büdcəmizdə əlavələr edilməlidir ki, ilin sonuna qədər biz artıq Proqramın icrasına başlayaq. Biz vaxt itirməməliyik. Bu Proqramı, bir də demək istəyirəm ki, biz 2-3 il ərzində icra etməliyik, bunu uzatmamalıyıq. Baxmayaraq ki, burada görüləcək işlər çoxdur və xüsusilə infrastruktur layihələri həm böyük vəsait tələb edəcək, həm onların icrası üçün müəyyən qədər vaxt tələb olunacaqdır. Ancaq hesab edirəm ki, biz 3 il ərzində bu Proqramın icrasına nail olacağıq".

Prezident İlham Əliyev qeyd edib ki, burada infrastruktur layihələri arasında elektrik enerjisi ilə təchizat məsələləri öz həllini tapır. Onun sözlərinə görə, demək olar ki, ölkə üzrə bütövlükdə bu məsələ öz həllini tapmışdır.
"Son illər ərzində 10 yeni elektrik stansiyası tikilmişdir. Hər bir bölgədə dayanıqlı elektrik enerjisi ilə təchizat məsələləri öz həllini tapır. Xüsusilə Bakı şəhərində bu məsələyə xüsusi diqqət göstərilmişdir. Bakı Elektrik Şəbəkə Şirkəti qurulandan sonra bu sahədə müsbətə doğru çox ciddi dönüş yaranmışdır. Proses davam edir. Dövlət büdcəsindən vəsait ayrılır və növbəti illərdə yeni yarımstansiyaların tikintisi, xətlərin dəyişdirilməsi, transformatorların quraşdırılması nəzərdə tutulur. Əlbəttə ki, Proqramda da hər bir qəsəbə üzrə bu məsələ öz həllini tapmalıdır. Hazırda vəziyyət qənaətbəxşdir. Amma nəzərə alsaq ki, ölkəmiz inkişaf edir, əhali artır, ölkəmizdə böyük sənayeləşmə prosesi gedir. Hazırda Bakıda yeni tikilmiş və tikiləcək binalar, mehmanxanalar, sənaye obyektləri əlavə enerji tələb edəcəkdir. Biz elə etməliyik ki, daim enerji ilə təminat tələbatımızı qabaqlasın. Bu məqsədlə növbəti illərdə tədbirlər görüləcək", - deyə dövlət başçısı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə