“İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” TƏDBİR - FOTOLAR
Noyabrın 27-də Bakıda SOCAR-ın təşkilatçılığı ilə “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, tədbirdə iştirak edən və ilk öncə çıxış edən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ekoloji problemlərin həlli istiqamətində işlərin görülməsinin təmsil etdiyi qurumun fəaliyyətində əsas yer tutduğunu deyib.
Son illərdə ən mühüm ekoloji problemlərdən birinin iqlim dəyişmələri olduğunu bildirən Rəfiqə Hüseynzadə alimlərin gəldiyi nəticəyə görə, bu problemin birbaşa atmosferdə istilik yaradan qazların artması ilə bağlı olduğunu diqqətə çatdırıb. O, SOCAR-ın fəaliyyət sahələrində istilik effekti yaradan qazların inventarlaşdırılması işlərinin davamlı olaraq aparılmasından söz açıb.
Ardınca çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dünyada iqlim dəyişmələri və onun yaratdığı problemlərdən danışıb, əhalinin artımının istiləşməni sürətləndirdiyini diqqətə çatdırıb.
Nazir Azərbaycanda iqlim dəyişmələri məsələlərinin daim diqqətdə saxlanıldığını bildirib və ölkəmizdə yeni yaradılan istehsal müəssisələrində təbiətə dost texnologiyaların tətbiq edildiyini qeyd edib. Muxtar Babayev nəqliyyat vasitələrinin atmosferi çirkləndirən əsas vasitə olduğunu qeyd edib, ekoloji cəhətdən təmiz avtomobillərin tətbiqinin vacibliyini vurğulayıb.
Meşələrin və yaşıllıq sahələrinin artırılmasının iqlim dəyişmələrinin təsirinin minimuma endirilməsinə töhfə verəcəyini bildirən nazir, ətraf mühitin mühafizəsinin sərhəd tanımadığını və atılan hər bir addımın qlobal problemin həllinə kömək edəcəyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçıxarmanın bəşəriyyətə böyük faydalar və üstünlüklər gətirməklə bərabər bir sıra ekoloji risklər yaratdığını qeyd edib: “Həmin risklərin minimuma endirilməsi bütövlükdə cəmiyyətin üzərinə böyük vəzifələr qoyur. Bu baxımdan neft və qaz hasilatçıları qarşısında istehsalat sahələrində ətraf mühitin çirklənməsinə yol verməmək istiqamətində daha mühüm öhdəliklər durur”.
Rövnəq Abdullayev son illərdə ekoloji problemlərin həlli üzrə SOCAR-da həyata keçirilən kompleks tədbirlər proqramından danışaraq, rəhbərlik etdiyi qurumun bir çox şirkətləri qabaqlayaraq, neft-qazçıxarma müəssisələrində ətraf mühitin əsas çirklənmə mənbələrindən olan lay sularının qapalı sistemdə utilizasiyasını 100 faizə çatdırdığını bildirib. Sovet dövründə yararsız vəziyyətə düşmüş torpaqların bərpası istiqamətində mühüm uğurlar əldə edildiyini vurğulayan R.Abdullayev şirkətin müəssisə və təşkilatlarının balansında olan 2 min hektardan artıq ərazinin rekultivasiya edildiyini, həmin torpaqlarda yaşıllıqlar salındığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB