"Cəsarətli addımları Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərdi" PREZİDENT
"Heydər Əliyev həm sovet, həm müstəqillik ərəfəsində, həm də müstəqillik dövründə xalq, dövlət qarşısında misilsiz xidmətlər göstərib. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış ölkədən ən qabaqcıl ölkəyə qədər inkişaf etdi, yüksəldi". SİA-nın məlumatına görə, bunu bu gün Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı söyləyib ki, respublikaları fərqləndirən bir neçə əlamət var idi: "O respublikalar qırmızı bayraqla təltif olunurdu ki, həmin respublikalarda həm kənd təsərrüfatı, həm sənaye, həm də digər sahələrdə böyük uğurlar qazanılmışdı. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan hər il keçici qırmızı bayraq alırdı. Bu, bir daha sübut edir ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan uğurlu yol keçib. Heydər Əliyev rəhbərlik etməyə başlayanda biz sovet respublikaları arasında ən sonuncu yerlərdə idik. Heydər Əliyev Azərbaycanı böyük inkişafa doğru apardı, Azərbaycanı ən qabaqcıl yerlərə qədər yüksəltdi. Əgər sovet dövründə yalnız iki respublika donor kimi fəaliyyət göstərirdisə, bunlardan biri Azərbaycan idi".
Prezident İlham Əliyev vurğulayıb ki, Heydər Əliyev təhsil sahəsinə böyük diqqət göstərib, hər il müşavirələr keçirib: "Eyni zamanda Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərib. Bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının aparıcı ali məktəblərinə, Moskva, Leninqrad və digər şəhərlərinə ezam edilib. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı bu gün ölkəmizin müstəqil dövlətinin uğurlu inkişafını təmin edir. O cümlədən o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edir".
Dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəlində Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılmışdı: "Bu da Ulu Öndərin uzaqgörənliyinin nəticəsi idi. O vaxt azərbaycanlılar sovet ordusunda az təmsil olunurdular. Heydər Əliyev istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin, sanki bilirdi ki, Azərbaycan nə vaxtsa müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq. Bir sözlə, təhsilə və başqa sahələrə göstərilən diqqət və qayğı onun fədakar əməyi, Azərbaycanı ən ağır günlərdə xilas etmək üçün xalqın müdrikliyini göstərərək Heydər Əliyev öz xilaskar missiyasını icra etdi. 1970-ci illərdə Heydər Əliyevin gördüyü işlər xalq tərəfindən böyük rəğbətlə qarşılanmasaydı, 1990-cı illərin əvvəllərində böyük fəlakətlə üz-üzə qalanda ona müraciət etməzdi. Heydər Əliyevin o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində onun əziz xatirəsini saxlayır. Müstəqilliyə qədər və müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi, xalqa xidmət etmək onun başlıca missiyası idi".
Prezident İlham Əliyev bildirib ki, 20 Yanvar faciəsi baş verəndə Heydər Əliyev səsini ucaltdı, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, Kommunist Partiyasının rəhbərliyini ittiham etdi: "Heydər Əliyev bu qanlı faciəni pisləyib və bütün dünyaya həqiqəti çatdırıb. Heydər Əliyevin böyük nüfuzu var idi və onun dilindən səslənən bu sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda verib. Halbuki o vaxt Sovet İttifaqının dağılmasına hələ 2 il var idi və heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərdi. Ondan sonra uzun illər xidmət etdiyi Kommunisti Partiyasının sıralarını tərk etdi. Bu da böyük təhlükə idi. 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunalar ağızlarına su alıb susmuşdular. Heç biri bu qanlı faciəni qınamadı, öz səsini ucaltmadı. Bu, bir daha göstərdi ki, o vaxtı rəhbərlik anti-milli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi, ancaq 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün xalqımızın bu faciəsinə, yarasına biganə qaldılar?! Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş cinayətə məhz o vaxt hakimiyyət qayıtmış Heydər Əliyev siyasi, hüquqi qiymət verib. Bu, Ulu Öndərin bir daha xalqa bağlı olduğunu göstərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB