Müsavat Arif Hacılının şəxsi idarəçilik mülkünə çevrilib ITTIHAM
Başxanım Abbaslı: “Bu sözlərimdən sonra Arif bəy qıcıqlanıb nə isə desə, cavabını daha sərt verəcəm”
Müsavat partiyasının növbəti qurultayından sonra Arif Hacılının yenidən başqanlığa seçilməsi artıq belə bir proqnozu önə sürmüşdü ki, təşkilat daxilində narazılıqların sayı artacaq. Bu, ilk növbədə başqanlığa namizəd Yadigar Sadıqlı tərəfindən baş verdi. Daha sonra isə, Məclis, Divan, MNTK-ya olan namizədlərin əksəriyyəti də bu seçkilərdə qəsdən uduzdurulduqdan sonra həmin tərəflər A.Hacılının ətrafına yalnız özünə lazım olan şəxsləri yığdığını iddia edərək, ona qarşı ittiham kampaniyalarına start verdilər. Onlardan biri də, Divana namizədliyini verən və uzun illərdir ki, Müsavatda funksionerlik edən Başxanım Abbaslıdır.
“Arif Hacılının hərəkətlərində bir qərəzlilik var”
SİA xəbər verir ki, B.Abbaslı A.Hacılını bir sıra ittihamlara məruz qoymaqla, əslində onun iç üzünü bird aha açaraq, ifşa edib. Belə ki, sözügedən məsələ ilə bağlı mətbuata aşıqlama verən B.Abbaslıya görə, hələ 2014-cü ildəki qalmaqallı və kütləvi istefalarla müşahidə edilən qurultayda A.Hacılının özündən irəli kimsənin getməməsi üçün nələr etdiyini hər kəs gördü. “Qurultaydan sonra cüzi səslə ona uduzan Qubad İbadoğlu və onun tərəfdarlarının partiyadan çıxarılması üçün nələr edildiyi gözümün qabağında idi”, deyən müsavatçı xanım əlavə edib ki, həmin vaxt Məclisə seçilməyi qurultayda oldu və səslərin çoxunun məhz Q.İbadoğlunun tərəfdarlarından alıb: “Hər zaman demişəm, yenə də deyirəm ki, o zaman Q.İbadoğlunun tərəfdarları mənə səs vermişdilər. Divan üzvü olduğum son beş ildə Arif bəyin özü dəfələrlə mənə deyib ki, Başxanım müəllimə, sizin seçilməyinizi heç zaman istəməmişəm. Təsadüfi şəkildə ora düşdüyümü deyə bilərəm. Düzdür, hər kəs öz komandası ilə işləmək istər, öz komandasını qurar. Amma A.Hacılının hərəkətlərində bir qərəzlilik var”.
“Bilirdim ki, siyahı əvvəlcədən tutulub, kimlərin Divan üzvü olacağı məlum idi”
B.Abbaslıya görə, o, yəni A.Hacılı onun sözünü deməyən, onunla hesablaşmayan adamlarla heç vaxt sona qədər işləmir: “2014-cü ildə formalaşan Divana seçilən Elman Fəttahın, Vəfa Cümşüdlünün və Nailə Yaqublunun son bir ildə Divanın iclaslarına qatılmamaları onun göstəricisi idi. Halbuki Vəfa onun seçilməsi üçün dəridən-qabıqdan çıxırdı. Başqaları haqqında da bunu demək olar. İndi də A. Hacılı hər şeyi, sadəcə, öz komandası üzərində qurdu. Divan üzvü seçilməyəcəyimə hazır idim. Düzdür, Divan üzvü seçilməyim üçün səs də istədim. Amma bilirdim ki, siyahı əvvəlcədən tutulub, kimlərin Divan üzvü olacağı məlum idi”.
“Sadəcə olaraq, Arif Hacılı böyümədi”
Beləliklə, bu qurultayda da saxtakarlıqların, səs oğurlamalarının baş verdiyini iddia edən və əlində bir çox sübutların olduğunu deyən müsavatçı xanım isbat edib ki, bu gün özlərini “demokratik düşərgə” adlandıran Müsavat rəhbərliyi əslində avtoritar idarəçilik üslubu işlədərək, yalnız öz maraqlarına xidmət edirlər. Bu xüsusda o bildirib: “Arif bəy ələyatımlı adamlarla işləmək istəyir. Ona əl çalan, tərif deyən, sözünün qabağına söz deməyən adamlar onun ətrafında ola bilər. Düzdür, sözlərimi oradakıların hamısına aid etmirəm. Orada vicdanlı insanlar da var. Hörmətim olanlar da az deyil. Sadəcə olaraq, A.Hacılı böyümədi. O, necə var idisə, elə də qaldı. Son beş ildə partiya hansı vəziyyətdədirsə, hansı vəziyyətə salınıbsa, bundan sonra da elə qalacaq. Arif Hacılı, sadəcə, başqan olmağı düşünür. Partiyanın qabağa getməsini, uğur qazanmasını heç düşünmür”.
“Arif Hacılı nə qədər başqandırsa, Müsavat qabağa getməyəcək”
B.Abbaslı bu sözlərindən və haqlı ittihamlarından sonra A.Hacılı və yandaşları tərəfindən təhqirlərə, təhdidlərə məruz qalacağını da istisna etməyərək bəri başdan bildirib ki, əgər bu baş verərsə, cavablarını daha sərt tonda verməyə məcbur qalacaq: “Bu sözlərimdən sonra Arif bəy qıcıqlanıb nə isə desə, cavabını daha sərt verəcəm. Seçilmədiyim üçün zərrə qədər peşman deyiləm”.
Müsavatçı funksioner partiyanın bundan sonra da hər hansı bir siyasi uğur, üstünlük əldə edə bilməyəcəyi anonsunu da verib. Belə ki, bunun da əsl səbəbkarı A.Hacılıdır: “Təəssüf ki, bundan sonra Müsavat irəli getməyəcək. A.Hacılı nə qədər başqandırsa, Müsavat qabağa getməyəcək, partiyanın nailiyyətləri olmayacaq. Sadəcə olaraq, vədlər veriləcək ki, partiyanı hakimiyyətə gətirəcəm, Müsavatı parlament partiyası edəcəm. Bunların hamısı sözdə deyiləcək. Partiyanın gələcəyini görmürəm”.
“Dediyim fikirləri son beş ildə Divan iclaslarında dəfələrlə Arif Hacılının üzünə demişəm”
O, Müsavatdan yeni qopmaların və istefa dalğalarının baş qaldıracağını da istisna etməyərək deyib ki, zamanında o bu sözləri elə .Hacılının düz üzünə də deyib: “İndi partiyada A.Hacılıya alternativ fikirdə olanların partiyadan uzaqlaşdırılmasını gözləyirəm. Düşünürəm ki, bu baş tutacaq. Kimliyindən asılı olmayaraq, kim ona rəqibdirsə, həmin şəxsin partiyadan uzaqlaşdırılması üçün hər şeyi edir. Sizə dediyim fikirləri son beş ildə Divan iclaslarında dəfələrlə A.Hacılının üzünə demişəm. İndi çox ürəklə danışıram. Çünki sözlərimi zamanında demişəm. Arif bəy başqanlığa gələndən bir sıra rayonlarda təşkilatlar belə yoxdur. Bir fakt deyim. 2014-cü ildə 500-ə yaxın qurultayda nümayəndə olduğu halda, indi 392 nəfər idi. Onların bəziləri səsvermədə iştirak etmədilər və 333 nəfər səs verdi. A.Hacılı bunları görmür ki, partiya aşağı gedir? Dəfələrlə deyib ki, mən başqanlığa gələndən Müsavat 2005-ci ildəkindən daha güclüdür. Sonradan 2005-i 2009 etdi. Bu yüksəlişin şahidi olmadım. O, nədən danışır, anlamaq çətindir...”
Beləliklə, fakt budur ki, artıq Müsavatda bulanan sular daha da qatılaşır və bütün bunların nəticəsi həm partiya üçün, həm də özünü ikinci dəfə saxta yollarla başqan seçdirən A.Hacılı üçün pis nəticələr verəcək. Hər halda, bunu biz deyil, elə uzun illər müsavatçılıq edərək, orada fəaliyyət göstərənlər etiraf edirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB