REAL partiyasında parçalanma havası QARŞIDURMA

REAL partiyasında parçalanma havası QARŞIDURMA

Məclis sədri Azər Qasımlı İlqar Məmmədovun struktur dəyişikliyi təklifinə qarşı çıxdı

REAL partiyasında qarşıdurmalar səngimir və təşkilatın sədri İlqar Məmmədovun bu və ya digər dəyişikliklər etməsi cəhdləri funksionerlər tərəfindən etirazlarla qarşılanır. Belə ki, İ.Məmmədovun həbsdən çıxmasından sonra qeyri-müəyyənliyi, eləcə də, digər məsələlər ətrafında birbaşa özünün qərarlar verməsi artıq belə bir fikri önə sürür ki, REAL partiyası parçalanma vəziyyətinə düşüb.

Həm də, bu arada, partiyanın məclis sədri Azər Qasımlının növbədənkənar qurultayın keçirilməsi ilə bağlı sosial şəbəkədə status paylaşıb və bir sıra məsələlərlə bağlı sədr İ.Məmmədovla razılaşmadığını qeyd edib. Daha dəqiq desək, qurultayın təklifi də məhz İ.Məmmədovdan gəlib və burada məqsəd təşkilatın strukturunda dəyişiklik etməkdən ibarətdir.

Məclis sədri: “Dəyişikliklər təkliflərini bəyənmədim”

Lakin A.Qasımlı ümumiyyətlə, heç bir təklifi qəbul etmədiyini bəri başdan bəyan edib. “REAL partiyasının məclisinin növbəti iclası keçirildi. Partiyanın sədri İlqar Məmmədovun partiyada struktur dəyişikliklərin edilməsi və növbədənkənar qurultaya getmək təkliflərini dinlədik. İlkin versiyada dəyişikliklər təkliflərini bəyənmədim”, deyə yazan məclis sədri bununla yanaşı, partiyanın sədrinə zaman da verdiklərini dolayısı ilə bildirib. O, bunu belə əsaslandırıb ki, İ.Məmmədov həbsdə olarkən, partiyanın bu və ya digər işlərinə müdaxilə edə bilməyib. Ancaq indi o azadlıqdadır və zaman verilib ki, hər şeyi düzəltsin və s. A.Qasımlı İ.Məmmədova kart-blanşın, yəni müəyyən zamanın da verildiyini bildirib. “Onun bu kart blanşdan düzgün istifadə edəcəyinə ümid edirik”, deyə REAL-ın məclis sədri partiya sədrinə xəbərdarlıq edib.

Kart-blanş həm də İlqar Məmmədova açılan “xəbərdarlıq atəşidir”?

Xatırladaq ki, REAL partiyası 2018-ci ildə qurultay keçirib. Belə ki, aprelin 7-də “Facebook” üzərindən səsvermə və müzakirələr başlayıb. Aprelin 8-də isə təşkilatın ofisində səsvermə baş tutub. Qurultayın nəticələrinə görə, REAL hərəkatdan partiyaya çevrilib, sədr isə İlqar Məmmədov seçilib. Amma bütün bunlardan sonra İ.Məmmədov idarəçilik və ondan tələb olunan prinsiplərə sadiq qala bilmədiyinə görə, funksionerlər tərəfindən dəfələrlə sərt tənqidlərə məruz qalıb. Bu baxımdan, ona sədr kimi kart-blanşın verilməsi həm də açılan “xəbərdarlıq atəşidir” desək, yanılmarıq. Hər halda, REAL-ın parçalanmadan yan keçəcəyini düşünmək də olmaz. Çünki bu parçalanma artıq baş verir və A.Qasımlının bəlli fikirləri də bu cür nəticəyə gəlməyə zəmin yaradır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə