Gəncədə 2010-cu ilin sosial-iqtisadi yekunlarına və yeni ildə qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Rövşən Sadıxov son bir ildə qeydə alınan nəticələrə nəzər salıb.
Bildirib ki, 2010-cu il ərzində Gəncə şəhərində 110 mln manatlıq sənaye məhsulu istehsal olunub. Ümumdaxili məhsul buraxılışı 25% artıb. Şəhərdə yaşayış binalarının əsaslı təmirinə və tikintisinə 1.6 mln manat dəyərində vasait sərf olunub.
Xüsusən Gəncənin böyük müəssisələrinin yenidən qurulması və yeni zavodların istifadəyə verilməsi üçün 71 mln manat vəsait ayrılıb. Bu dövr ərzində Gəncə Avtomobil Zavodu Almaniya və Belarusun avtomobil şirkətləri ilə əlaqələrini genişləndirib.
Müxtəlif təyinatlı məhsullar xarici bazara, xüsusilə MDB dövlətlərinin bazarlarına çıxarılıb. Üzümçülüyün inkişafına 700 min manat dəyərində əlavə vəsait yönəldilib. Gələcəkdə isə şəhər infrastrukturunun daha da yaxşılaşdırılması nəzərdə tutulur.
Belə ki, Gəncənin əsasən daxili yollarının təmirinə, yeni körpülərin inşasına başlanılacaq. 2010-cu ildə Gəncədə əhalinin gəlirləri də diqqətçəkən səviyyədə artaraq 200 manatdan çox olub.
Daha sonra Gəncə şəhər Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin nümayəndələrinin hesabatı dinlənilib. Elmar Vəliyev adıçəkilən qurumların fəaliyyətindən narazılığını bildirib, onların işini qeyri-qənaətbəxş qiymətləndirib.
Şəhərdəki parkların vəziyyətinə toxunan icra başçısı bu istiqamətdə ciddi nöqsanların olduğunu dilə gətirib. Rayon rəhbərliyinin ötən bu illər ərzində heç bir iş görmədiyini, Gəncə parklarının ətrafındakı ərazilərin qanunsuz satıldığını deyib.
Fəaliyyəti qeyri-qənaətbəxş qəbul olunan qurumlar arasında Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyəti də olub. Qurumun rəisi Azər Hacıyevə xəbərdarlıq edilib.
Hesabatda təhsil, səhiyyə, maliyyə, qaz, elektrik şəbəkəsi, Gəncə Torpaq Şöbəsi və digər qurumların rəhbərlərinin də illik hesabatları dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB