“Ağaları “Milli Şura”ya icazəsis aksiyalar keçirmək göstəriş verir” RƏY-ÖZƏL
"Xaricdəki ağaları “Milli Şura”ya icazəsiz aksiyalar keçirmək göstəriş verir, onların da hədləri nədir ağalarının sözündən çıxsınlar". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, oktyabr ayı Azərbaycanın müstəqilliyinin bərpası ilə tarixə düşmüş bir aydır: "Lakin 2019-cu ilin oktyabrında Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq o qədər hadisələr baş verdi ki, onların əhəmiyyəti haqqında saatlarla deyil, günlərlə danışmaq olar. Cənab Prezidentin ard-arda Soçidə və Aşqabadda etdiyi cəsarətli çıxışları, Türk Şurasının Bakı Zirvə toplantısı, nəhayət 120 dövlətin rəhbərlərinin iştirakı ilə Qoşulmama Hərakatının Bakı Zirvə toplantısı və Azərbaycanın növbəti üç il ərzində bu mötəbər quruma sədrlik etməsi, bütün bunlar bizi və dostlarımızı nə qədər sevindirirsə, düşmənlərimizi də o qədər məyus edir, narahatlıqları artır. Nəticədə nəyin bahasına olursa-olsun bu inkişafa mane olmaq üçün yeni planlar hazırlanır. Bu planların içərisində Azərbaycanda qarşıdurma, xaos yaratmaq başlıca bəndlərdəndi. Buna nail olmağın ən qısa yolu da, məhz “çörək” verdikləri, bəslədikləri bəzi müxalif qüvvələri qanunsuz əməllərə sövq etmək, bunun qarşısını almaq üçün addım atan Azərbaycan hakimiyyətini suçlamaq, yenə təkrar belə addımlara rəvac vermək, qaragüruhu da bura cəlb etmək və istəklərinə nail olmaq! Budu bizə düşmən kəsilən, demokratiyadan, insan haqlarından ağızları köpüklənə-köpüklənə danışan qərb dünyasının istəyi. Çünki tarix boyu türk xalqlarına düşmən kimi meydana atılan hayların indiki dünya düzəni ilə bir araya sığmayan istəklərini reallaşdırmağın yolu, Azərbaycanda insan haqlarının qorunmaması, demokratiyanın olmaması kimi sərsəm fikirlərə dünyanı inandırmaqdan keçir. Nə yazıqlar ki, özünü müxalifət adlandıran siyasət dəllalları bütün bu oyunları bilə-bilə ona nəinki rəvac verir, bu istəyin reallaşması üçün hər cür şərəfsizliyə gedirlər. Məncə “düşmənimin dostu da düşmənimdir” deyimi ilə yanaşmağın, belə qüvvələri dövlətimizin düşməni elan etməyin və onlara da haylara bəslənən münasibət bəsləməyin zamanı çatıb, daha doğrusu, həmin qüvvələr özləri bu zamanı yetişdiriblər. Çünki, kor-kor, gör-gör deyiblər, hər şey göz qabağındadır. Onlara güzəşt etmək ölkəni həqiqətən çətin duruma gətirib çıxara bilər. Ona görə də belə qüvvələrin zərəsizləşdirilməsi üçün qanunun bütün gücündən istifadə olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB