Nazir: “Xəzər dənizində nərəkimilərin ovuna moratorium qoyulması üçün hazırda Xəzəryanı ölkələr danışıqlar aparırlar”

Nazir: “Xəzər dənizində nərəkimilərin ovuna moratorium qoyulması üçün hazırda Xəzəryanı ölkələr danışıqlar aparırlar”
Xəzəryanı ölkələr Xəzər dənizində nərəkimilərin ovuna moratoriumun qoyulması üçün hazırda bir-birləri ilə qarşılıqlı şəkildə danışıqlar aparırlar. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib. Onun sözlərinə görə, nərəkimilərin kvotasının vaxtının qurtarması ilə bağlı danışıqlar gedir ki, onun mexanizmi işlənilsin və moratorium qoyulsun. Azərbaycanın bunu tam dəstəklədiyini deyən nazir bildirib ki, cənab prezident də bu barədə açıq-aydın bəyanat verib.

Nazir vurğulayıb ki, moratoriumun yalnız balıqların sənaye ovuna qoyulması nəzərdə tutulur: "Çünki nərəkimiləri çoxaltmaq üçün o balığı mütləq götürmək lazımdır. Bizim Xıllı Nərə Balıqartırma Zavodunda süni balıq yetişdirilir. Artıq burada süni sürüdə 4 minə yaxın 5 yaşına qədər balıq var. Amma 5 yaş azdır, o gərək 7-8 yaşına çatsın ki, ondan təkrar istehsal oluna bilsin. Təəssüflər olsun ki, bizdə hələ də təcrübə azdır deyə onun əməliyyatdan sonra sağ qalmasını təmin edə bilmirik. Yeni cərrahi metodunu tətbiq etdikdən sonra eyni balıqdan 4-5 dəfə istifadə etmək mümkün olacaq. Ancaq dünya təcrübəsi göstərir ki, bir balığın əməliyyatdan 3-4 ildən sonra yenidən nəsil vermək qabiliyyəti bərpa olunur. Bunun gələcək perspektivi var. Bu gün isə məcburuq ki, təkrar istehsal üçün dənizdən asılı olaq".

Nazir daha sonra yeni kəşf olunan yataqlarla bağlı münasibət bildirib: "Kəşf elədir ki, tapılır, laboratoriyalarda nümunələr təsdiq edilir, tapan geoloqlar qrupu onu təsdiq edir. Amma bunun üzərində istismar üçün əlavə böyük miqyaslı bir neçə il kəşfiyyat işləri aparılmalıdır ki, hansısa beynəlxalq maliyyə institutları o işləri görə biləcək şirkətlərlə münasibət qursunlar. İndi bunun üzərində iş gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə