“Əli Kərimli və trollarına iğtişaşlar yaratmaqla bağlı göstərişlər verilib” RƏY-ÖZƏL
"Bu gün “Milli Şura” və AXCP siyasi partiyadan daha çox QHT-ni xatırladırlar". Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, xaricdən anti-Azərbaycan qüvvələrdən aldıqları pullarla cəmiyyətdə xaos, anarxiya yaratmaq, ictimai-siyasi sabitliyə zərbə vurmağı qarşılarına məqsəd qoyublar: "Bu məqsədə çatmaq üçün isə icazəsiz aksiyalardan, orada yarana biləcək qarşıdurmalardan istifadə etməyə səy göstərirlər. Bir məqama diqqəti çəkmək istərdim. Qanunsuz aksiyanın keçirilməsi vaxtı Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi qətiyyətli bəyanatlar, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonraya təsadüf etdi. Bütün dünya mətbuatı Azərbaycan Prezidentinin "Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatını manşetlərdən verərkən, başda erməni lobbisi olmaqla antiazərbaycan qüvvələr təşvişə düşdülər. Ölkəmizin adının bu cür hallanmasının qarşısını almaq, mənfi imic yaratmaq üçün isə Əli Kərimli və onun trollarına qanunsuz aksiyalar keçirtmək, iğtişaşlar yaratmaqla bağlı xüsusi göstərişlər verdilər. Aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Bu kimsələr Azərbaycanı xaosa sürükləmək istəyir və bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər. Sonradan yaşananlar da bu aksiya cəhdinin xaricdən necə planlaşdırıldığını ortaya qoydu. Hələ qanunsuz aksiya başlamamışdan Əli Kərimlinin və xaricdəki antiazərbaycan qüvvələrin birbaşa himayədarlığı ilə bəzi qüvvələr Azərbaycan əleyhinə təbliğat kampaniyasına başladılar. Sosial şəbəkələr, internetlə canlı yayımlar təşkil etdilər. Aksiyada səsləndirilən şüarların mahiyyəti də aydın deyildi. Hansısa konkret ideya və təklif belə yox idi. Bütün bu faktlar bir daha qanunsuz aksiyaların xaricdən planlı şəkildə idarə edildiyini təsdiqləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB