Və ya Etibar Məmmədov sədrliyə geri dönərsə...

AMİP-in qurultayı öncəsi partiyada müxtəlif fikirlər irəli sürülməyə başlayıb. Belə ki, son illər ölkənin siyasi gündəmində elə də fəal görünməyən, hətta bir sıra ictimai-siyasi proseslərdən kənarda qalan milli istiqlalçılar yenidən digər müxalifət partiyaları ilə müqayisədə önə çıxmaq qərarını veriblər. Hətta bu yaxınlarda tədbir keçirərək, qurultayın vaxtını dəqiqləşdirib, bələdiyyə seçkilərində iştirakla bağlı qərar verəcəklərini də açıqlayıblar.

Ancaq maraqlı məqamlardan biri də budur ki, partiyanın uzun müddətdir ki, sədr kreslosu boşdur və siyasi təşkilatın sədrinin kim olacağı ətrafında aparılan müzakirələr də nəticə vermir. Xatırlatmaq yerinə düşərdi ki, Etibar Məmmədovun rəhbəri postundan getməsindən sonra AMİP-ə çox az müddət başçılıq etmiş Yusif Bağırzadə belə, səhhəti ilə əlaqədar həmin siyasi təşkilata sədrlikdən imtina etmişdi. Məhz həmin ərəfədən başlayaraq, zaman-zaman E.Məmmədovun yenidən sədr olacağı ətrafında söhbətlər gəzməyə başlasa da, o bu iddiaların əsassız olacağını bəyan edirdi.

Arzuxan Əlizadə Etibar Məmmədovun yenidən sədr olması ehtimalını istisna etməyib, özünün də sədrliyə namizəd olacağını bəyan edib

Bu arada, AMİP-in sədr əvəzi Arzuxan Əlizadə mətbuata açıqlamasında E.Məmmədovun yenidən sədr olacağı iddiasına ilginc cavab verib, hətta bunun mümkünlüyünü dolayısı ilə etiraf edib. “Etibar bəyin aktiv siyasi fəaliyyətlə məşğul olmasına gəldikdə isə, bu yalnız özünün şəxsi iradəsi və qərarına bağlı məsələdir”, deyən A.Əlizadə demək olar ki, qapılar arxasında həmin məsələnin razılaşdırıldığını eyham vurub. Ancaq buna baxmayaraq, Əlizadə özünün də sədr ola bilməsi ehtimalını gizlətməyib. “Namizədlər bərabər təbliğat imkanları malik olsunlar deyə, partiya sədrliyinə namizədliyin elan olunması yalnız qurultayın keçiriləcəyi tarix müəyyən olunduqdan sonra verilir. O səbəbdən də özümün də namizədliyimi irəli sürəcəyimlə bağlı sualı açıq saxlayıram", deyə o da öz namizədliyini irəli sürəcəyini istisna etməyib.

Bəs Etibar Məmmədov nə deyir?

Beləliklə, əvvəllər E.Məmmədov sədr olmayacağını bəyan etsə də, onun sonrakı açıqlama və fikirləri əslində AMİP-ə rəhbərlik etməsində maraqlı olduğunu göstərməkdədir. O, vaxtilə siyasətdən getməsini belə əlaqələndirib ki, AMİP-də gəncləşmə siyasəti aparılsın və yeni simalar meydana çıxsın. Lakin E.Məmmədovun getməsindən sonra AMİP də digər müxalifət partiyaları kimi demək olar ki, siyasi proseslərdən kənarda qalıb. Ona görə də, “Mənim aktiv siyasətdən çəkilməyimin əsas səbəbi yeni və gənc siyasətçilərin üzə çıxması, yeni siyasi güc mərkəzlərinin yaranmasına imkan verməklə bağlı olub. Lakin təəssüf ki, hələ də buna nail olunulmayıb”, deyən E.Məmmədov onu da bildirib ki, o siyasətdən kənarda deyil. Hətta təklif olarsa, sədrlik edəcəyini də bildirib: “Üzərimə vəzifə qoyulacağı, hər hansı bir iş təklif olunacağı, fikirlərimə ehtiyac yaranacağı, hər hansı bir məsuliyyətin altına girməklə bağlı təkliflər olacağı halda mən həmişə hazıram”.

Cavabdan da göründüyü kimi, E.Məmmədov ehtiyac yaranacağı halda məsuliyyətin altına girəcəyini və bundan boyun qaçırmayacağını açıq şəkildə ifadə edib. Bu isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, bu gün ənənəvi düşərgədə siyasi proseslərə qatılmaq gücündə olan heç bir siyasi güc yoxdur. Yerdə qalanlar isə, ya uzun illərdir ki, sədrlik postundan ikiəlli yapışıblar, ya da gedənlər yenidən geri dönərək, öz köhnə amplualarını işə salmağa çalışırlar. AMİP də bu sıradandır və hətta E.Məmmədovun AMİP-ə sədr olacağı halda, bu partiyanın hər hansı siyasi uğur qazana bilməsini demək sadəlöhvlük olardı...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə