Minasyan Paşinyanı hədələyib

Erməni Apostol Kilsəsini "diz üstə çökdürməyə" çalışanların hamısının dizləri sındırılacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Respublikasının Portuqaliyadakı keçmiş səfiri və fəlsəfə doktoru Mikael Minasyan ABŞ-dakı mətbuat konfransı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın söylədiklərini şərh edərkən deyib.

Məlumatda qeyd olunur ki, Minasyan Facebook sosial şəbəkəsinədə də bu barədə yazıb.

“Niyə Paşinyan hər şeyə, hamıya və hər kəsə nifrət edir? Nifrət edir və məhv edir. Sevilən, hörmətli və nüfuzlu olanlara nəyə görə nifrət edir? Keçmişin qəhrəmanlarına və hətta özünün qəhrəman kimi təqdim etdiyi insanlara belə nifrət edir. Ermənistanın keçmişinə və gələcəyinə nifrət edir. Görünür ki, bu nifrətin mərkəzində onun özüdür. O, hətta özü-özünə belə nifrət edir. Uşaq vaxtı onun başına nə iş gəlib ki, çox şeylər vəd edən bir gənc belə bir “nifrət mücəssəməsi”nə çevrilib.

Paşinyan xəstədi və bütün erməniləri də xəstəliyə düçür edib. O, “xərçəng şişi”nin ocağıdır, hansıki illərlə Ermənistanın az-çox qalan sağlam hüceyrələrini məhv edir. İndi o elə bir şəklə və böyümüş hala gəlib çıxıb ki, ermənilər ya bu şişi kəsib atmalı, ya da atmayacaqları təqdirdə Ermənistan tamamilə çökməli və dağılmalıdır. Bu “nifrət mücəssəməsi” indi metastaz verməkdə davam edir və bütün Ermənistanı məhv edir. Bu xəstənin halı məlumdur və hamı dərk etməlidir ki, “şiş” kəsilib atılmalıdır”, deyə Mikael Minasyan fikirlərini bölüşüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə