Neftimiz müstəqil Azərbaycan dövlətinə xidmət göstərir TƏHLİL
Azərbaycan neft ixracatçısıdır və ölkə iqtisadiyyatının, eləcə də bütün sahələrin inkişafında neftdən gələn gəlirlərin əhəmiyyətli dərəcə payı var. Bu gəlirlər ölkədə köklü islahatların, uğurlu layihələrin, sosial siyasət yürüdülməsinin, əhalinin rifah halının yaxşılaşdırılmasının və ümumilikdə bütün sahələrdə əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Hazırda əldə olunan bütün uğurların, nailiyyətlərin qazanılmasında ölkənin neft strategiyasının rolu danılmazdır və bu strategiyanın gələcək perspektivlərə yol açdığı da günün reallığıdır.
Cəsarətlə demək olar ki, Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Qlobal layihələrin reallaşdırılmasında, neft kəmərlərinin inşasında, Azərbaycanın xarici ölkələrlə əlaqələrinin daha da artmasında Azərbaycan neftinin müstəsna rolu var və bu danılmazdır. Bu layihələr, bu əlaqələr sayəsində əldə olunan gəlirlər artmaqdadır və etiraf etmək lazımdır ki, büdcə gəlirlərinin böyük hissəsini neftdən gələn gəlirlər təşkil edir. Məhz bu baxımdan, ölkəmizdə aparılan quruculuq-abadlıq işləri, infrastruktur layihələri, insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasında Azərbaycan neftinin xüsusi rolu, əhəmiyyəti var.
Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanınır və bu inkişafın təməli heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər bunun bariz nümunəsidir. Bu gün ildönümü ərəfəsində olduğumuz “Əsrin kontraktı” da Ulu Öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi, onun başlanğıcıdır. Tarixi hadisə olaraq dəyərləndirilən “Əsrin kontraktı” sayəsində əldə olunan uğurları, beləliklə də bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Ümummilli Lider Heydər Əliyevin əsəri olan “Əsrin kontraktı” bu vaxta qədər Azərvaycan dövlətinə, Azərbaycan xalqına bəxş etdikləri ilə Ulu Öndərin uzaqgörənliyini, dahiliyini təsdiq edir.
Bu vaxta qədər, ələlxüsus son dövrlərdə ölkədə aparılan sosial layihələr Azərbaycan dövlətinin vətəndaş amilinə hesablanmış sosial siyasətinin təzahürüdür və xüsusilə vurğulamaq lazımdır ki, bu layihələrin də reallaşdırılması üçün neftdən gələn gəlirlər xüsusi şərait yaradıb. İndi hər bir Azərbaycan vətəndaşı dövlətin, dövlət başçısının sosial sahədə diqqətini, qayğısını hiss edir və ölkə vətəndaşlarının bu qayğı ilə əhatə olunması neft gəlirləri sayəsində reallaşdırılıb.
Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınması, çadır şəhərciklərinin 2007-ci ildə ləğv olunması və yüz minlərlə köçkün üçün yeni evlər tikilərək, yeni mənzillər təqdim edilməsi heç də asan məsələ, az maliyyət tələb edən deyil və sözsüz ki, bütün bunların reallaşdırılması üçün böyük məbləğdə maliyyə vəsaiti tələb olunur. Heç şübhəsiz ki, bu vəsaitlər də neftdən gələn gəlirlər hesabına əldə edilib.
Şəhid ailələrinə, müharibə veteranlarına güzəştlərin, müavinətlərin, mənzillərin, minik avtomobillərinin verilməsi də dövlətin sosial siyasətinə aiddir və bu layihələrin hər biri üçün vəsaitlər tələb olunur. Bu vəsaitlərin isə neft gəlirləri hesabına əldə edildiyi də bir reallıqdır. Deməli, ölkədə sosial siyasətin həyata keçirilməsi də məhz Azərbaycanın neft gəlirləri ilə reallaşdırılır.
Nəzərə almaq lazımdır ki, ötən əsrin sonlarından etibarın ölkəmizdə infrastruktur yenidən qurulub. Bu vaxt ərzində 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Yeni idman qurğuları, idman kompleksləri inşa edilib və istifadəyə verilib. Neft gəlirləri göründüyü kimi infrastruktur layihələrinin yenilənməsinə də öz tövhələrini verib. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, hazırda Azərbaycanın yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir.
İstər paytaxtda, istərsə də bölgələrdə quruculuq-abadlıq işləri təkcə ölkə vətəndaşlarının deyil, ümumilikdə beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir və indi heç kim üçün sirr deyil ki, Azərbaycan nefti sayəsində bu abadlıq işləri də həyata keçirilib. Azərbaycanın simasının tamamilə dəyişilməsi, şəhər və rayonlarda yeni, müasir binaların inşası ölkənin inkişafından xəbər verir ki, bu inkişaf belə neft gəlirləri hesabına təmin edilib. Göz önündə ucaldılan binalar, inşa edilən tikililər də öz növbəsondə təsdiq edir ki, neftdən əldə edilən gəlirlər ölkəmizin sürətli inkişafına zəmin yaradıb. Etiraf etmək lazımdır ki, müasirləşən şəhərlərin, abadlaşan kəndlərin, ölkədə gedən quruculuq, abadlıq işlərinin təməlində Azərbaycanın neft sənayesi dayanır.
Əsas diqqəti cəlb edən məsələlərdən biri də odur ki, neft gəlirləri sayəsində valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Dövlət borcumuzun aşağı səviyyədə saxlanılması və ümumi daxili məhsulun cəmi 19 faizini təşkil etməsi çox böyük göstəricidir ki, bu da neft gəlirlərinə görə belə aşağı səviyyədədir. Ölkəmizin dövlət büdcəsi, valyuta ehtiyatları əsasən neft gəlirləri sayəsində tənzimlənir və Azərbaycan nefti, neftdən gələn gəlirlər ölkənin bütün ehtiyaclarının qarşılanmasına zəmin yaradır.
Azərbaycanın uğurlu neft strategiyası, nəticədə isə uğurlu inkişafı kosmik fəzada da imkanlar əldə edilməsinə geniş şərait yaradıb. Hal-hazırda Azərbaycanın üç peyki var. Bu isə o deməkdir ki, Azərbaycan artıq kosmik dövlətə çevrilib və əbəs yerə deyil ki, indi bir çox dünya dövlətləri ölkəmizə, onun inkişafına həsəd aparır.
Görründüyü kimi bu gün Azərbaycan hər bir sahədə yüksək inkişaf dinamikası ilə digər ölkələrdən nəinki fərqlənir, hətta onları böyük sürətlə qabaqlayır. Uğur və nailiyyətlərimiz durmadan artır. Yeni-yeni uğurlu layihələr, işlər dinamik inkişafın bundan sonra da davam edəcəyinə ümidləri artırır və bu inkişafı şərtləndirir. İndi hər bir Azərbaycan vətəndaşı çıx yaxşı başa düşür ki, Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir və dövlətin, eləcə də vətəndaşların gələcəyinin təminatçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB