"Rəşid Hacılı ən böyük qınağı Azərbaycan cəmiyyətindən alacaqdır" MÖVQE
"Hər şeydən öncə deməliyəm ki, Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edibdir. İkincisi, Rəşid Hacılı əgər doğrudan da hüquqşünasdırsa, o, ilk növbədə, bu cür addımların hüquqi məsuliyyət yaratmasından da xəbərsiz deyil". Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqının mənəvi, əxlaqi dəyərləri var və Azərbaycan ziyalıları, Azərbaycanın ictimai fəal fərdləri, hər bir Azərbaycan vətəndaşı bu dəyərlərə hörmət etməyə borcludur. H.Babaoğlu qeyd edib ki, heç kəs virtual məkanda fəaliyyətin hüquqla tənzimlənməsi sahəsində boşluq olduğundan sui-istifadə edərək özünü vətəndaşlıq məsuliyyətindən və vicdani məsuliyyətindən kənarda tutmamalıdır. Xüsusən az-çox Azərbaycan cəmiyyətində tanınan, şəxsiyyəti ictimailəşmiş insanlar özlərinin vətəndaşlıq məsuliyyəti ilə bərabər, mütləq ictimai məsuliyyəti də hiss etməlidirlər.
Baş redaktor vurğulayıb ki, Azərbaycanın media institutu Azərbaycan xalqının informasiya sahəsində maraqlarını müdafiə edən ön cəbhə əsgəri kimi çıxış edir və onların hamısını ümumiləşdirərək məqbul hesab edilməyən, qeyri-etik tərzdə təhqir etmək üçün özündə cəsarət tapan insan, demək ki, məsuliyyətli insan deyil: "Hələ-hələ əgər bu, hüquqşünasdırsa, demək, o, əslində heç hüquqi normaları və prinsipləri də bilmir və yaxud bilərəkdən onları heçə sayır. Ona görə də mən Rəşid Hacılının bu addımını qınayıram və əlbəttə ki, ən böyük qınağı da Rəşid Hacılı Azərbaycan media mənsublarından, Azərbaycan ictimaiyyət nümayəndələrindən, Azərbaycan cəmiyyətindən alacaqdır".
Hikmət Babaoğlunun sözlərinə görə, biz bu gün dəyərlərimizi gözardı etməli deyilik, etik dəyərlərimizi, mənəvi dəyərlərimizi qorumalıyıq: "Çünki tarixin heç bir mərhələsində heç bir xalqın dəyərlərə indiki qədər ehtiyacı olmayıb. Onsuz da Rəşid Hacılının da vasitə kimi istifadə etdiyi sosial şəbəkələr məhz bu dəyərləri hədəfə götürüb, məhz bu dəyərləri sıradan çıxarır. Gərək Rəşid Hacılı qlobal imperializmin bu yumşaq güc silahına özünü belə asanlıqla təslim etməyəydi. Bu, çox təəssüf doğurur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB