"Miqrantların pul köçürmələri yoxsulluqla mübarizə aparmağa kömək edir"
Miqrantların pul köçürmələri bir çox ölkələr üçün sabit xarici maliyyələşdirmə mənbəyidir. SİA-nın xəbərinə görə, miqrantlar təkcə 2010-cu ildə vətənlərinə 300 milyard dollara yaxın vəsait köçürüblər.
BMT Katibliyinin mətbuat xidməti bu məlumatı BMT-nin Ticarət və İnkişaf Konfransının (YUNKTAD) iclasının yekunları ilə əlaqədar açıqlayıb. Lakin, mətbuat xidmətinin açıqlamasında qeyd edildiyi kimi, bu yalnız rəsmi məlumatdır. Məlumatda xaricdə işləyən adamların dostları və tanışları vasitəsilə doğmalarına göndərdikləri vəsait nəzərə alınmayıb. Bir çoxları böyük tədiyyələrdən və digər maneələrdən qaçmaq üçün pulu rəsmi kanallar vasitəsilə göndərməkdən imtina edirlər.
Statistikaya görə, bu gün təqribən 214 milyon adam öz ölkəsinin hüdudlarından kənarda yaşayır və işləyir. Miqrantların hər on nəfərindən altısı inkişaf etmiş ölkələrdə yaşayır.
Miqrantların pul köçürmələri, orta hesabla, inkişaf etmiş ölkələrin ümumdaxili məhsulunun iki faizini təşkil edir. Lesoto, Nepal, Samoa, Haiti və Banqladeşdə isə miqrantların payı ümumdaxili məhsulun 8 faizi qədərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə