Gəncədə “Xan bağı”nın açılışı olub

Gəncədə “Xan bağı”nın açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

SİA-nın xəbərinə görə, dövlətimizin başçısının tapşırığına əsasən ayrılmış vəsait hesabına görülmüş yenidənqurma işlərindən sonra parkın siması tamamilə dəyişib. Qafqazın ən qədim parklarından biri, yaşı 300-dən çox olan "Xan bağı"nda belə genişmiqyaslı işlər ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib.

Prezident İlham Əliyev parkı gəzdi, görülmüş işlərlə tanış oldu. Ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılmış, Venesiya guşəsi yenidən qurulmuş, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq Şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb.

Dövlətimizin başçısı "Xan bağı"nda yüksək səviyyədə aparılmış əsaslı yenidənqurma işlərindən razılığını bildirdi.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə