Qaragüruhçu şəxslərin kimliyi ciddi araşdırsa... QARŞIDURMA

Qaragüruhçu şəxslərin kimliyi ciddi araşdırsa... QARŞIDURMA

Yaşar Kələntərli: “Bunun cəmiyyətimizə çox böyük xeyri olar”

Son günlər müxalifət düşərgəsinin müxtəlif cinahlarında qarşılıqlı ittihamlar və iddialar səslənməkdədir. Belə ziddiyyətlərdən biri də Qüdrət Həsənquliyevin sədti olduğu BAXCP ilə yaşanır.

“Pənah Hüseyn, Elşad Musayev və Arzuxan Əlizadənin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə və parlamentdə təmsil olunan digər partiyaların sədrləri ilə görüşünə etiraz edən qaraguruhçu şəxslərin kimliyini jurnalistlər ciddi araşdırsa, bunun cəmiyyətimizə çox böyük xeyri olar”. SİA xəbər verir ki, bu fikirləri BAXCP-nin baş katibi Yaşar Kələntərli deyib. Onnun sözlərinə görə, həmin şəxslər ictimai nüfuzlarının nə olduğunu gözəl bilirlər.

“Fəaliyyətindən daha çox inəkləri ilə tanınan birisinin hansı qapılara düşdüyünü də hamı çox yaxşı bilir”

“Onların vaxtilə parlamentə iqtidarın dəstəyi ilə düşmək üçün hansı oyunbazlıqlardan çıxdıqlarını isə mən çox yaxşı bilirəm”, deyə bir sıra məqamları unutmadığını bildirən BAXCP funksioneri daha bir xatırlatmanı edib: “2010-cu ilin parlament seçkilərində Yasamaldan İsa Qəmbərin alternativi olan birisinin niyə namizəd olduğu seçki dairəsini dəyişdiyini, İsa Qəmbərə, Əli Kərimliyə həmin ərəfədə niyə saxta və gülüş doğuran formada hücum etdiyini siyasətlə az-çox maraqlanan hər kəs bilir. Yaxud ömründə bircə dəfə də olsun ağıllı təklifi ilə diqqət cəlb etməmiş, siyasi fəaliyyətindən daha çox inəkləri ilə tanınan başqa birisinin hansı qapılara düşdüyünü də hamı çox yaxşı bilir. Hamı onu da bilir ki, məhz siyasi sürüşkənliklərinə görə ağızlarının üstündən vurub geri göndəriliblər. Bu adamları narahat edən əsas məsələ ondan ibarətdir ki, birdən iqtidarla hansısa dialoq olar və onlar kənarda qala bilərlər”.

Xatırladaq ki, Yaşar Kələntərli həmin xatırlatmalarında İsa Qəmbərə və Əli Kərimliyə siyasi hücum edən şəxs kimi VİP sədri Əli Əliyevi, inəkləri ilə tanınan partiya sədri kimi isə “Azadlıq” partiyasının sədri Əhməd Orucu nəzərdə tutub.

Qeyd edək ki, son günlər BAXCP rəhbərliyi ilə adları çəkilən partiya sədrləri arasında son günlər sərt ittihamlar və söz atışmaları müşahidə olunmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə