Henrix Himmler! SS-i (faşıst Almaniyasında qurulan polis birlikləri) bir qorxu və güc maşınına çevirən ad. Hitlerin "sağ qolu" olan və bir əmri ilə minlərlə yəhudini ölüm düşərgələrinə göndərən Henrix Himmler 7 oktyabr 1900-cü ildə Münhendə doğulub. Uşaqlıqdan hərbçi olmaq istəyib. Hərbi məktəbi bitirdikdən sonra, "Könüllü korpusun" bölmələrindən birinə daxil olub. Münhen Texniki İnstitutunun kənd təsərrüfatı fakültəsində təhsil alıb. 1923-cü il Pivə qiyamında iştirak edib. 1925-ci ildə nasistlərin təhlükəsizlik təşkilatı SS-yə qatılıb. Bundan 4 il sonra isə SS-nin rəhbərliyinə gətirilib. SS-də o zamanlar 300-ə yaxın adam var idi və bu insanlar Hitlerin mühafizəçiləri idi.
Güclü bir təşkilat olan SS-də 1933-ə qədər 50 min adam toplandı. 1933-cü ildə nasistlərin qələbəsi ilə alman polisinin SS idarəsinə keçməsini təmin etdi. Daha sonralar möhkəm təhlükəsizlik şəbəkəsi yaradaraq nasist əleyhdarı olan bir çox qrupu və siyasətçini yox etdi. Şimali Avropa irqindən olmayan azlıqların məhvini təşkil etdi. İkinci Dünya müharibəsi illərində Şərqi Avropada qurduğu ölüm düşərgələrində yəhudi və rejimə qarşı olanların məhvini reallaşdırdı. İkinci Dünya Müharibəsinin başlanğıcında Himmlerin adamları Polşa sərhədində Hitlerin əmrini gözləyirdilər.
Müharibənin davamında Himmler qazandığı uğurlara görə, 1943-cü ildə Daxili İşlər Nazirliyinin rəhbərliyinə gətirildi. Himmler 1944-cü ildə Hitlerə qarşı təşkil edilən uğursuz sui-qəsddən sonra SS ilə yanaşı ölkədəki bütün təhlükəsizlik qüvvələri üzərinə nəzarət qurdu. Onun gücü hüdudsuz idi. 1945-ci ilin yanvarında Hitler Himmleri sırf özünə olan sədaqətinə görə, SSRİ hücumunu dayandıra biləcəyini düşünərək Vistül Ordular Qrupu komandirliyinə gətirdi. Hitler onu "deyər treue Heinrich" (sadiq Henrix) deyə çağırırdı.
Himmler bütün şübhələrinə baxmayaraq, verilən bütün əmrləri böyük bir istəklə yerinə yetirdi. İlk qurbanlar vurularaq öldürülürdü. Amma daha təsirli bir metod tapılmalı idi. Bu metod ölümləri sürətləndirməli və SS zabitlərini soyuqqanlılıqla yəhudiləri öldürməkdən saxlamalı idi. Bundan sonra Polşadakı bütün əsir otaqlarında zəhərli qazdan (hidrosiyanik turşu və karbon monoksit) istifadə olunmağa başlanıldı və "Son həll fəlsəfəsi" ilə 6 milyon yəhudi və təxminən 6 milyon qeyri-yəhudi öldürüldü.
1944-cü ilin qış aylarında Himmlerin "Waffen-SS" birliyinin "Allgemeine SS" ilə birlikdə yalnız kağız üzərində 2 iki milyon üzvü var idi. Buna baxmayaraq, 1945-ci ilin yazında Himmler yaxınları ilə etdiyi müzakirələrdən sonra həyatını həsr etdiyi Almaniyanın qələbəsinə şübhə etməyə başladı. Nasist rejiminin həyatda qalması üçün ümidini İngiltərə və ABŞ-la edəcəyi sülh danışıqlarına bağladı. O, general Şellenbergin də köməyi ilə İsveç diplomatı Qraf Folke Bernadotte ilə Danimarka sərhədində danışıqlara başladı. Himmlerin planı Qərbdə sülhü təmin edərək gücünü SSRİ-yə yönəltmək idi. Adolf Hitler bu xəbəri eşidən kimi Himmleri vətən xaini elan etdi, intihar etməsindən bir gün əvvəl Himmlerin bütün səlahiyyətlərini və rütbələrini geri aldı. Himmlerin Qraf Bernadotte ilə apardığı danışıqlar nəticə vermədi. Berlinə də dönə bilməyəcəyi üçün qərb bölgəsinin şimalında döyüşən və o zaman bütün Alman qüvvələrinin komandiri olan admiral Karl Donitzin yanına getdi. Lakin admiral Himmleri dərhal yanından uzaqlaşdırdı və ona alman hökumətində yer olmadığını söylədi. Himmler həyatda qalmaq üçün üzünü ABŞ-a çevirdi. Son çarə olaraq general Duayt Eyzenhauerin qərargahı ilə əlaqə yaratdı. O, nasist lideri olaraq məhkəməyə çıxarılmaması təqdirində bütün Almaniyanı müttəfiqlərə təslim edəcəyini söylədi. Duayt Eyzenhauerin Himmler ilə hər hansı bir şəkildə müzakirə aparmağı rədd etdi.
Həbs olunmaqdan xilas olmaq üçün adını Henrix Hitzinger olaraq dəyişdirdi. Heç qırxmadığı bığını qırxdı və sol gözünə bant bağladı. Bundan sonrakı yeganə planı Bavyeraya dönmək idi. Sərhədlərdən keçə bilmək üçün saxta sənədlər təşkil etdi və özü ilə 11 "SS" zabiti götürərək yola düşdü. Lakin Himmlerin planı baş tutmadı. 21 may 1945-ci ildə Danimarka sərhədini keçməyə çalışarkən Britaniya hərbi qüvvələri tərəfindən yaxalandı. Paltarında hər hansı bir zəhər saxlama ehtimalını nəzərə alan ingilislər Himmlerin paltarını dəyişdirdilər. Amma yoxlama yaxşı aparılmamışdı. Himmler ağızda zəhər kapsulu saxlaya bilmişdi. 22 may 1945-ci ildə onun yanına bir ingilis zabiti gəldi və həkimə Himmlerin ağzını axtarmaq əmrini verdi. Bunu eşidən Himmler dərhal zəhər kapsulunu dişlədi və 12 dəqiqə ərzində öldü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB